!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Dahi bəstəkar Qara Qarayevin anım günüdür

!Reklam – Yazi

Azərbaycanın görkəmli bəstəkarı Qara Qarayevin anım günüdür.

Tanınmış Azərbaycan bəstəkarı və pedaqoqu Qara Qarayev 1918-ci il fevralın 5-də Bakı şəhərində məşhur həkim-pediatr Əbülfəz Qarayevin ailəsində doğulub. Dmitri Şostakoviç məktəbinin ən parlaq nümayəndələrindən biri olan Qarayev 1946-cı ildə Moskva konservatoriyasında dahi bəstəkarın kompozisiya sinfini bitirib. O, hələ bundan xeyli əvvəl Azərbaycan xalqının musiqi yaradıcılığına dərindən yiyələnmişdi. Bakı konservatoriyasında təhsil aldığı illərdə Azərbaycanın ilk peşəkar bəstəkarı Üzeyir Hacıbəyli onu milli folklorun, aşıq və muğam sənətinin incəlikləri ilə tanış edib.

Böyük Vətən müharibəsinin başlaması ilə əlaqədar təhsilini yarımçıq qoyaraq Bakıya qayıdıb və Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında bədii rəhbər işləyib. Müharibədən sonra Moskvada yarımçıq qoyduğu təhsilini başa vuraraq Azərbaycan Dövlət Konservatoriyasında müəllim işləməyə başlayıb. Həmin il Cövdət Hacıyevlə birlikdə yazdığı “Vətən” operasına görə SSRİ Dövlət mükafatına layiq görülüb. 1948–ci ildə “Leyli və Məcnun” simfonik poeması isə ona Azərbaycan Dövlət mükafatını qazandırıb.

Qara Qarayev 1949-cu ildə Azərbaycan Dövlət Konservatoriyasının direktoru təyin olunub, 1952–ci ildə isə Azərbaycan Bəstəkarlar İttifaqı idarə heyətinin sədri seçılıb. 1955-1976-cı illərdə IV-IX çağırış SSRİ Ali Sovetlərinin deputatı olub, 1959–cu ildə SSRİ xalq artisti adını alıb və Azərbaycan Elmlər Akademiyasının akademiki seçilib. 1978-ci ildə ona Sosialist Əməyi Qəhrəmanı adı verilib.

Görkəmli bəstəkar Cənubi Afrika yazıçısı Piter Abrahamsın romanı əsasında yazdığı “İldırımlı yollarla” baletini müasir dövrün olduqca aktual bir mövzusuna – irqi ayrı-seçkilik və müstəmləkə xalqlarının azadlıq uğrunda mübarizəsinə həsr edib. Fransız yazıçısı Anri Barbüsün əsəri əsasında “Zəriflik” monooperasının, A.Puşkinin şeirlərinə bəstələdiyi “Mən sizi sevirdim” və “Gürcüstan təpələrində” romanslarının, “Könül mahnısı”, “Səadət mahnısı” kantatalarının müəllifidir.

Qara Qarayev Azərbaycan musiqisi üçün yeni olan müzikl janrına da müraciət edib. Fransız dramaturqu E.Rostanın “Sirano de Brejerak” komediyası əsasında “Çılğın qaskoniyalı” müziklini yazıb. Kinonu xarakter etibarı ilə “böyük müasir bəstəkarlıq məktəbi” adlandıran Qarayev, bu janrda da məhsuldar işləyib, klassikaya çevrilən sənət nümunələri yaradıb. “Leyli və Məcnun”, “Tarixin ibrət dərsi”, “Uzaq sahillərdə”, “Bir məhəlləli iki oğlan”, “Dənizi fəth edənlər”, “Qızıl eşelon”, “Xəzər neftçiləri haqqında povest” və digər kinofilmlərə, “Nikbin faciə”, “Antonio və Kleopatra” tamaşalarına yazdığı musiqilər onun yaradıcılığının parlaq səhifələrindəndir.

Qara Qarayev 1982–ci il mayın 13-də Moskva şəhərində vəfat edib. Bakıda Fəxri Xiyabanda dəfn olunub.

www.yenicag.az

432
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv