DAK Türk şəhidliyini ziyarət etdi – FOTOLAR

Bu gün Dünya Azərbaycanlıları Konqresi və VHP üzvləri Türk Şəhidliyini ziyarət edib.

Yenicag.az xəbər verir ki, Bakının Qafqaz İslam Ordusu tərəfindən bolşevik-daşnak quldur dəstələrindən azad olunmasının 100 illiyi ilə bağlı baş tutan ziyarətdə Qafqaz İslam Ordusunun Azərbaycanın müstəqilliyi yolunda şəhid olan əsgərləri anılıb, onların ruhuna dualar oxunub.

Anım mərasimində DAK sədri, xalq şairi Sabir Rüstəmxanlı çıxış edib. S.Rüstəmxanlı çıxışında Nuru Paşanın Bakının işğaldan azad olunmasında göstərdiyi xidmətlərdən daşnışıb.

O, Bakının işğal altında olduğu, Gəncənin müvəqqəti olaraq paytaxt seçildiyi məqamda Məmməd Əmin Rəsulzadənin Türkiyədən hərbi yardım xahişi, Ənvər Paşanın öz qardaşı Nuru Paşanı Qafqaz İslam Ordusunun rəhbəri təyin etməsi və Bakını xilas etmək üçün ordu göndərməsindən söz açıb.

S.Rüstəmxanlı Qafqaz İslam Ordusunun Bakıya gələnə qədər bir çox rayonda erməni-daşnak qüvvələrini məhv etməsi, azərbaycanlılara qarşı aparılan soyqırımın qarşısını alması, Bakının mühasirəsi və tarixi abidələrin, strateji obyektlərin qorunması üçün son dərəcə mükəmməl hücum əməliyyatı hazırlanması barədə tarixi məlumatları xatırladıb.

Xalq şairi qeyd edib ki, 15 sentyabr Azərbaycanın tarixində şərəf səhifələrindən biridir və bu şərəfli səhifəni Nuru Paşanın başçılığı ilə türk əsgərləri azərbaycanlılarla birgə yazıb.

Bu hadisənin Azərbaycan-Türkiyə qardaşlığının daha bir təntənəsi olduğunu bildirən S.Rüstəmxanlı vurğulayıb ki, 15 sentyabrda hərbi parad keçirilməsi barədə qərar təqdirəlayiqdir: “Ancaq hesab edirəm ki, Azərbaycanın Nuru Paşaya vəfa borcu olaraq Bakıda abidəsinin ucaldılması da mütləqdir”.

COP29