“Azərbaycanın şərtləri qəbul olunmalı, eyni zamanda, işğal altndakı səkkiz kəndimiz də azad edilməlidir”.
Bu fikirləri Azərbaycanın sülh müqaviləsinin imzalanması üçün Ermənistana göndərdiyi yeni təkliflər zərfinə İrəvanın mümkün cavabını şərh edən politoloq Elxan Şahinoğlu Yenicag.az-a açıqlamasında deyib.
Onun sözlərinə görə, hər iki ölkənin razılaşdığı şərtlər də daxil olmaqla, ərazi bütövlüyünün tanınması çərçivəsində Azərbaycan və Ermənistan arasında sülh müqaviləs imzalana bilər:
“Lakin Ermənistan yeni bəhanələr taparaq danışıqlar prosesini uzatmaqla oyun oynayır. Ancaq bu yanaşma yalnız İrəvanın özü üçün problemlər yaradacaq. Çünki prezident İlham Əliyev dəfələrlə “biz sülh müqaviləsi olmadan da yaşaya bilərik, çünki əsas problemimiz həll olunub, Qarabağ işğaldan qurtarılıb, suverenliyimiz bərpa edilib”, – deyə bildirib.
Sərhədlər hələ müəyyənləşmədiyi üçün strateji yüksəkliklər nəzarətimizdədir. Həmçinin Ermənistan kommunikasiya xətlərini açmaq istəmirsə, bizim buna da alternativlərimiz var. Ermənistan prosesi uzatmaqla yalnız özünə təhlükə yaradır.
Ermənistanın baş naziri Nikol Paşinyan bəlkə də vəziyyəti dərk etdiyi üçün Konstitusiyaya dəyişiklik etmək istəsə də, konkret addım atmır. Sanki Vətən müharibəsinin nəticələrini artıq unudub qalib tərəfə şərt diqtə etməyə çalışır. Azərbaycanın şərtləri qəbul olunmalı, eyni zamanda, işğal altndakı səkkiz kəndimiz də azad edilməlidir”.
Nəsimi Ələsgərli