!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Danışıqların sürətlənməsi üçün yeni “Aprel döyüşləri”nə ehtiyac var - Ekspert rəyi

!Reklam – Yazi

Rusiyalı siyasi şərhçi Vadim Dubnov bu günlərdə mətbuata açıqlamasında vurğulayıb ki, Dağlıq Qarabağda böyük müharibə olmasa da, “Aprel döyüşləri”nin təkrarlanma ehtimalı var. V. Dubnov qeyd edib ki, “Aprel müharibəsi” Dağlıq Qarabağ münaqişəsinə ümumi yanaşmanı dəyişdi:

“Bu baxımdan, yeni müharibə dalana dirənmiş danışıqları yenidən canlandıra bilər”.

Gözləmək olarmı ki, danışıqları canlandırmaq üçün hərbi əməliyyatlar yenidən başlasın?

Politoloq Natiq Miri Yeniçağ.az-a açıqlamasında bildirdi ki, Qarabağ cəbhəsində hər an hərbi əməliyyatların başlanması mümkündür. Ekspertin sözlərinə görə, məhz yeni hərbi əməliyyatlar danışıqlar prosesinə yeni bir stimul verə bilər:

Natiq Miri ile ilgili görsel sonucu“Atəşkəs demək olar ki, ümumiyyətlə gözlənilmir. Hər gün erməni hərbi təxribatları ilə üz-üzəyik. Azərbaycan da öz növbəsində artıq cəbhə xəttində Ermənistanın işğalçı qoşunlarına rahatlıq verməməklə bağlı konkret qərar qəbul edib. Bu fonda Ermənistanın istənilən hərbi təxribatına dəfələrlə artıq miqyasda cavab verildiyi üçün hər an lokal hərbi əməliyyatın keçirilməsi mümkündür. Atəşkəsin mütəmadi olaraq pozulmasından həm Rusiya, həm də Qərb dünyası narahatdır. Çünki Moskva regionda yeni bir savaşın meydana çıxmasında maraqlı deyil. Hazırda Kremlin başı Suriya və Ukrayna problemlərinə qarışıb. “Rus ayısı” indilikdə məhz bu yöndə maliyyə nöqteyi-nəzərindən böyük enerji sərf edir. Belə olan halda yeni bir savaşın baş qaldırması Rusiyanı müəyyən öhdəlik və məcburiyyət qarşısında qoya bilər. Bu da təbii ki, strateji müttəfiqi olan Ermənistanın müdafiəsilə nəticələnər. Belə hal isə Azərbaycanın birdəfəlik Rusiya tərəfindən itirilməsi anlamına gəlir. Avropa da Azərbaycanı öz məkanı hesab etdiyindən həmsərhəd ölkələrdə bütövlükdə qitəyə təhlükə törədəcək yeni savaşın meydana çıxmasını istəmir. Ona görə də lokal hərbi əməliyyatlar baş tutarsa, atəşkəs intensiv şəkildə pozularsa, təbii ki, belə vəziyyət Dağlıq Qarabağ problemini beynəlxalq səviyyədə yenidən gündəmə gətirə bilər. Hazırkı məqamda isə nə ABŞ, Avropa Birliyi, nə də Rusiya üçün Dağlıq Qarabağ problemi prioritet siyasət deyil.

Ancaq Dağlıq Qarabağ məsələsinin prioritet olması üçün də yeni bir aprel döyüşlərinə ehtiyac var. Düşünürəm ki, Azərbaycan artıq sürünən lokal əməliyyatlarla az-az olsa da torpaqlarını tədricən azad etməlidir. Məhz bu yöndə proses yaratmaqla, dünyanı vadar etməliyik ki, onlar Dağlıq Qarabağ problemini də öz prioritet siyasətlərinə çevirsinlər. Əks təqdirdə, indiki məqamda güc mərkəzləri Dağlıq Qarabağı dondurulmuş münaqişə qismində görməkdə davam edəcəklər. Bu isə Azərbaycanın dövlət maraqlarına uyğun deyil. Çünki bu cür zaman qazanmaq ancaq və ancaq Ermənistanla Rusiyaya sərf edir. Artıq Rusiyada da bir çoxları anlayır ki, Azərbaycan heç bir vəchlə indiki vəziyyəti qəbul etməyəcək. Artıq etiraf olunur ki, Dağlıq Qarabağ problemi Gürcüstandakı Cənubi Osetiya, Abxaziya və yaxud Dnestryanı bölgədəki münaqişələr kimi dondurulmuş münaqişələr deyil. Yenidən lokal hərbi əməliyyatlara start veriləcəksə, Dağlıq Qarabağ problemi növbəti dəfə gündəmə gələcək və danışıqlar başlayacaq. Ancaq düşünürəm ki, bunu beynəlxalq təşkilatlardan xahiş və tələb etməklə gözləməməliyik. Özümüz proses yaratmalıyıq ki, onun arxasınca həm Ermənistan, həm də havadarları gəlsin. Amma onların yaratdığı prosesin arxasınca sürünsək, mövcud vəziyyət hələ növbəti 24 ildə də davam edəcək”.

ELÇİN
Yeniçağ.az

www.yenicag.az

567
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv