!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Danışmaqdan daha çox iş görmək lazımdır” – Nazim İbrahimov

!Reklam – Yazi

14914941-1203127466388940-1181008724-nAzərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovun APA-ya müsahibəsi

– Dünya Azərbaycanlılarının IV Qurultayından, xüsusilə ölkə başçısının qurultaydakı çıxışındakı irad və təkliflərdən sonra diaspor sahəsində planlar nədən ibarətdir? Ölkə başçısının qurultaydakı tövsiyəsinə uyğun olaraq Dünya Azərbaycanlı İş Adamlarının Bakı Forumunun keçirilməsi planlaşdırılsa da, sonradan qeyri-müəyyən vaxta qədər təxirə salındı və bunun səbəbi ilə bağlı müxtəlif məlumatlar dolaşır. Forumun nə vaxt və hansı formada keçirilməsi planlaşdırılır?

– Azərbaycanlı iş adamlarının toplantısının keçirilməsi təşəbbüsü Dünya Azərbaycanlılarının IV Qurultayında irəli sürüldü. Dövlət Komitəsi də İqtisadiyyat Nazirliyi ilə birgə forumun keçirilməsi ilə bağlı texniki-təşkilati məsələləri həll etmək üçün lazımı tədbirlərin həyata keçirilməsinə başladı. Bilirsiniz ki, xarici ölkələrdə xeyli sayda azərbaycanlı iş adamı yaşayır, lakin onların böyük əksəriyyəti ictimai fəaliyyətlə məşğul deyil. Daha dəqiq ifadə etsək, öz bizneslərinə vaxt ayırmağa daha çox üstünlük verirlər, nəinki ictimai proseslərdə iştirak etməyə. Lakin forumun keçirilməsi ilə bağlı məlumatın kütləvi informasiya vasitələrində yayılmasından sonra bu mövzuya gözlədiyimizdən daha çox marağın olduğunu gördük. Dövlət Komitəsinə çoxlu sayda müraciətlər daxil oldu, əvvəllər heç bir ictimai fəallıq göstərməmiş, o cümlədən diaspor işində iştirak etməmiş azərbaycanlı iş adamları tədbirə qatılmaq arzularını ifadə etdilər. Müraciətlərin sayı bizim nəzərdə tutduğumuz nümayəndə sayından bir neçə dəfə çox oldu. Biz bunu müsbət bir mesaj kimi qəbul etdik. O mənada ki, əgər bu qədər insan, yəni müəyyən maliyyə imkanlarına malik, yaşadığı ölkələrdə bəlli bir səviyyəyə gəlib çıxmış həmvətənlərimiz Azərbaycanda keçirilən toplantıya bu qədər böyük maraq göstərirsə, buna laqeyd qalmaq, yaxud belə xoşniyyətli müraciətlərə imtina cavabı vermək doğru olmazdı. Ona görə də, tədbirin formatının da dəyişdirilməsinə ehtiyac duyuldu.

Bilirsiniz ki, Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin apardığı ardıcıl islahatlar, ölkədə investisiya mühitinin cəlbediciliyinin artırılması istiqamətində görülən işlər iş adamlarının Azərbaycana marağını əhəmiyyətli dərəcədə artırıb. Dünya Azərbaycanlılarının IV Qurultayında cənab prezident xaricdə yaşayan azərbaycanlı iş adamlarına ölkə iqtisadiyyatının müxtəlif sahələrinə investisiya qoyması ilə bağlı çağırış etmişdi. Bunu xüsusilə qeyd etmək istəyirəm ki, toplantıda iştiraka maraq göstərən azərbaycanlı iş adamlarının sayının bu qədər çox olması, həm də gələcəkdə onların diaspor quruculuğunda daha fəal iştirak etməsi ehtimalının yüksək olması deməkdir və bu, təqdirəlayiqdir. Ona görə də biz forumun başqa bir vaxtda keçirilməsi təklifini irəli sürdük, müvafiq məsləhətləşmələrdən sonra forumun başqa bir vaxtda, daha geniş formatda keçirilməsi barədə qərar qəbul olundu. Hesab edirik ki, növbəti il ərzində biz bu forumu daha geniş tərkibdə, daha zəngin bir proqram əsasında təşkil edə bilərik. Bir vacib məqam da ondan ibarətdir ki, sözün yaxşı mənasında belə bir ajiotajın yaranmasında kütləvi informasiya vasitələrinin rolu böyük oldu. Bu mənada bütün media nümayəndələrinə təşəkkür edirik.

Diaspor təşkilatı fəaliyyət göstərdiyi ölkədə qeydiyyatdan keçmiş bir qeyri-hökumət təşkilatıdır, əgər onun sabit maliyyə mənbələri yoxdursa, yaxud belə maliyyə mənbələrini özü təmin edə bilmirsə, onda bu təşkilatın uğurlu fəaliyyət göstərməsi də praktik baxımdan mümkünsüzdür

– İndiyə qədər Azərbaycanın dövlət olaraq diaspor təşkilatlarına maliyyə dəstəyi həmişə aktual olub (son qurultay ərəfəsində dövlət başçısı tərəfindən bu sahəyə maliyyə vəsaiti də ayrılmışdı), artıq bu dövrdən sonra bu təşkilatlarla hansısa bir yeni qayda tətbiq olunacaqmı?

– Diaspor fəaliyyətinin əsasında dörd amil dayanır: vətənpərvərlik, könüllülük, intellekt və maliyyə. Burada maliyyə ən sonuncu amildir, ancaq onsuz səmərəli fəaliyyət qurmaq da mümkün deyil. Eyni zamanda, vətənpərvərlik, könüllülük və intellekt varsa sonuncunu həll etmək daha asan olur. Təəssüf ki, bizdə belə bir yanaşma mövcuddur ki, diaspor təşkilatlarının fəaliyyətinə məhz dövlət maliyyə dəstəyi verməlidir. Başqa ölkələrin təcrübəsində isə baxışlar tamamilə fərqlidir və belə təcrübə müzakirə obyekti deyil. Əlbəttə ki, dövlətin dəstəyi olmalıdır, lakin bütün məsələləri yalnız dövlətin üzərinə yükləmək doğru yanaşma deyil. Əgər biz bütün diaspor təşkilatlarının dövlət tərəfindən maliyyələşdirilməsini gözləsək, yaxud “məhz belə olmalıdır” düşüncəsini dəyişməsək, müstəqil şəkildə ayaqda dura bilən təşkilatlar da olmayacaq, sadəcə, dövlətdən maliyyə gözləyən yeni qurumların, təşkilatların meydana çıxması üçün şərait yaratmış olacağıq. Diaspor təşkilatı fəaliyyət göstərdiyi ölkədə qeydiyyatdan keçmiş bir qeyri-hökumət təşkilatıdır, əgər onun sabit maliyyə mənbələri yoxdursa, yaxud belə maliyyə mənbələrini özü təmin edə bilmirsə, onda bu təşkilatın uğurlu fəaliyyət göstərməsi də praktik baxımdan mümkünsüzdür. Dövlətin dəstəyi onun beynəlxalq nüfuzu, diaspor təşkilatının fəaliyyət göstərdiyi konkret ölkələrdə münasibətlərinin səviyyəsi ilə birbaşa bağlıdır. Əgər dövlət güclüdürsə, diaspor qurumunun fəaliyyət göstərdiyi ölkə ilə münasibətləri normaldırsa, bu, elə həm o təşkilata, həm də həmin ölkədə yaşayan azərbaycanlılara siyasi-psixoloji dəstəkdir. Ancaq təəssüf ki, bəzi hallarda hər hansı bir təşkilata, yaxud layihəyə komitə niyə dəstək vermədi deyə açıqlamaların, bəyanatların da şahidi oluruq. Əlbəttə, təşkilatlara, müəyyən layihələrə dövlət dəstək verə bilər və belə dəstək həmişə olub. Amma təqdim olunan bütün layihələri maliyyələşdirməli olsaq, buna nə qədər büdcə lazım olduğunu təsəvvür edirsinizmi? Digər tərəfdən, hər bir azərbaycanlı, hər bir diaspor təşkilatı əgər vətəni üçün nəsə etmək istəyirsə, dövlətin maliyyə ayırmaması bu istəkdən imtina üçün səbəb ola bilməz. Yeri gəlmişkən, qeyd edim ki, bir çox ölkələrdə öz gücünə, üzvlərinin verdiyi dəstəklə çox uğurla fəaliyyət göstərən təşkilatlar var və hesab edirik ki, belə nümunələrin daha geniş yayılması lazımdır.

– Azərbaycan diasporunun qeyri-mütəşəkkil olması barədə kifayət qədər məlumatlar yayılır. Beynəlxalq arenada Ermənistana uduzmağımızın əsas səbəblərindən biri kimi məhz bu göstərilir. Sizcə, Azərbaycan diasporu yetərincə mütəşəkkildirmi? Sizə elə gəlmirmi ki, Azərbaycan diaspor hərəkatının taktika və strategiyasında zamanın tələblərindən irəli gələn dəyişikliyə ehtiyac var? Bu istiqamətdə dünyanın nüfuzlu diaspor təşkilatlarının təcrübəsi əsasında hansısa proqram hazırlayıb, həyata keçirmək daha doğru olardı?

– Mütəşəkkillik təşkilatlanmanı ifadə edən bir anlayışdır. Bu gün dünyada 460-dan çox diaspor təşkilatımız fəaliyyət göstərir. Azərbaycan diaspor təşkilatlarının fəaliyyət göstərdiyi elə bir ölkə yoxdur ki, orada Azərbaycanın milli maraqları ilə bağlı hər hansı məsələ meydana çıxdıqda, diaspor təşkilatlarımız buna reaksiya verməsinlər. Eyni zamanda, Azərbaycan dövlətinin hər bir çağırışına dərhal reaksiya verilir. Onlar gücləri, potensialları çərçivəsində işlər görür. Diaspor fəaliyyəti, qeyd etdiyimiz kimi, könüllülük işidir. Burada kimlərisə hansısa addım atmağa təhrik etmək mümkün deyil. Kim nə qədər bacarırsa, o qədərini edir, buna görə onları ittiham etmək yox, təşəkkür etmək lazımdır. Təbii ki, Azərbaycan diasporunun tarixi təcrübəsi başqa xalqların diasporunun təcrübəsi qədər deyil, çünki bizdə diaspor hərəkatının formalaşması son 20-25 ilə aiddir. Başqa xalqların diasporunun tarixi isə yüzillikləri əhatə edir. Onlar artıq yaşadıqları cəmiyyətə yetəri qədər inteqrasiya olunub və daha geniş əlaqələri var. Azərbaycan diasporu isə başqalarının yüzilliklər ərzində keçdiyi yolu 25 ildə keçməli olub. Eyni zamanda, son dərəcə vacib olan bir məqamı da gərək unutmayaq: elə ölkələr var ki, orada digər diasporlara yaradılan imkanlar Azərbaycan diasporuna yaradılmır. Həmin ölkələrin öz siyasi maraqları var, bəzi diasporların güclü olması diplomatiyada daha çevik manevrlər etmək, hansısa siyasi maraqlarını təmin etmək üçün onlara lazımdır. Mənim dövlət məmuru kimi ad çəkməyim doğru deyil, ancaq yəqin ki, nə demək istədiyimi bilirsiniz. Bütün bunlara baxmayaraq, kifayət qədər ciddi nailiyyətlərimiz var və biz artıq xaricdə – azərbaycanlıların yaşadığı, təşkilatlandığı istənilən ölkədə, Azərbaycanın maraqları ilə bağlı məsələlərin həllində diaspor təşkilatlarının da imkanlarından faydalana bilirik. Dəyişikliklərə gəlincə isə, bu həmişə aktualdır. Yeni proqramların, strategiyaların hazırlanması istənilən sahədə vacibdir. Bu istiqamətdə də müvafiq işlər aparılır.

Böyük qlobal məsələlərin müzakirəsinin məhz Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən təşkili Azərbaycan üçün xüsusi tarixi və siyasi əhəmiyyətə malikdir. Ona görə ki, Azərbaycan Nizami Gəncəvi irsinə daha müasir və daha təsirli bir ideya ilə sahib çıxır

– Nizami Gəncəvi Beynəlxalq Mərkəzi üzvlərinin iştirakı ilə keçirilən görüşlərin, toplantıların Azərbaycana heç bir xeyri olmadığı barədə də iddialar var. Bilmək istərdik, artıq heç bir vəzifəsi və nüfuzu olmayan sabiqlərin bu kluba toplaşaraq hansısa toplantılar keçirməsi Azərbaycana nə verir?

– Əminliklə deyə bilərəm ki, bu iddiaların heç bir əsası yoxdur. Çünki bu mərkəzin üzvləri arasında bir çox ölkələrin hazırkı prezidentləri, baş nazirləri də var və digər tərəfdən, hər hansı ölkənin prezidentinin, yaxud baş nazirinin istefada olması, onun öz ölkəsində, eləcə də beynəlxalq siyasətdə heç bir təsir imkanına malik olmaması anlamına gəlmir. Əksinə, bu adamlar xalqının etimadını qazanmış, ölkəsinə müəyyən bir mərhələdə rəhbərlik etmiş şəxsiyyətlərdir. Həm ölkəsində, həm də beynəlxalq dairələrdə nüfuz qazanmış siyasətçilərdir. Onların hamısını eyni bir toplantıda bir araya gətirmək də sadə və asan məsələ deyil. 2016-cı ildə keçirilən foruma Albaniya, Monteneqro, Bolqarıstan, Makedoniya, Bosniya və Herseqovina, Gürcüstan prezidentləri də qatılmışdı. Bundan başqa, 27 sabiq prezident və 23 sabiq baş nazir də daxil olmaqla, 53 ölkədən 300-dən çox nümayəndə gəlmişdi. Bu adamların bir çoxu indi böyük fondlara rəhbərlik edir, bəziləri yenidən seçkilərə qatılmağı planlaşdırır. Bu adamlar siyasətçidirlər, bu gün hansı vəzifədə olmalarından asılı olmayaraq, müəyyən siyasi çəkiləri, əhatə dairələri, kifayət qədər ciddi əlaqələri var. Heç kim iddia edə bilməz ki, bu qədər böyük təcrübəsi olan siyasi fiqurların Azərbaycanla əlaqələri faydasızdır. Üstəlik, nəzərə alsaq ki, qeyd etdiyim kimi, mərkəzin üzvlərindən bəziləri hazırkı dövlət və hökumət başçılarıdır. Təsadüfi deyil ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkil etdiyi forumlarda Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev də şəxsən iştirak edib. IV Qlobal Bakı Forumunda Böyük Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının baş naziri Devid Kemeron, Kanadanın baş naziri Castin Tryudo və UNESCO-nun baş direktoru İrina Bokova kimi dünya miqyasında nüfuzlu siyasətçilərin forum iştirakçılarına ünvanlandığı təbrik və müraciətləri tədbirin beynəlxalq əhəmiyyətini bir daha təsdiq edir. Bu forumlar Azərbaycanın dünyada gedən qlobal proseslərə laqeyd olmadığını nümayiş etdirir. Azərbaycan öz xarici siyasət prinsiplərinə sadiqliyini, güclü, fəal, çevik və qlobal problemlərə görə məsuliyyət daşımağa hazır bir dövlət olduğunu göstərir. Burada dünyanı narahat edən qlobal əhəmiyyətli məsələlər müzakirə olunur, dünyanın nüfuzlu siyasət adamları, ictimai xadimləri bu toplantılarda böyük həvəslə iştirak edirlər. Müzakirəyə çıxarılan məsələlər sırasında münaqişələr xüsusi yer tutur. Bu müzakirələrdə Azərbaycan dövlətinin yüksək vəzifəli şəxsləri də iştirak edir, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı faktları iştirakçıların diqqətinə çatdırırlar. Qeyd edim ki, xarici mətbuatda da bu toplantılar geniş işıqlandırılır. Bir sözlə, Azərbaycanı tanıtmaq, Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq üçün çox əlverişli bir platforma yaradılıb. Bütün bu məqamlarla yanaşı, bir vacib fakta da diqqətinizi çəkmək istərdim. Böyük qlobal məsələlərin müzakirəsinin məhz Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən təşkili Azərbaycan üçün xüsusi tarixi və siyasi əhəmiyyətə malikdir. Ona görə ki, Azərbaycan Nizami Gəncəvi irsinə daha müasir və daha təsirli bir ideya ilə sahib çıxır.

– Ukraynada azərbaycanlılara qarşı baş vermiş cinayət hadisələri son günlər tənqid obyektinə çevrildi və bununla bağlı iki ölkə baş prokurorları arasında təmaslar, açıqlamalar oldu, Ukraynadakı Azərbaycan səfirinin açıqlamaları, baş prokurorla görüşü keçirildi. Əvvəl azərbaycanlılara qarşı bu hadisələrdə Ukraynanın erməni əsilli naziri Avakov ittiham olunsa da, sonradan bəzi mənbələr əslində məsələnin heç də belə olmadığını, əksinə, bu hadisələrin şişirdildiyini bildirdilər. Komitənin mövqeyi nədən ibarətdir?

– Ukraynada azərbaycanlılara qarşı baş verən cinayət hadisələri Azərbaycan dövlətinin diqqətindədir. Qeyd etdiyiniz kimi, cənab baş prokurorun da bununla bağlı Ukrayna baş prokuroruna müraciəti olub, səfirlik də məsələni diqqətdə saxlayır. Məsələ Dövlət Komitəsinin də diqqətindədir. Biz baş verən hər bir hadisə ilə bağlı diaspor təşkilatlarından, diaspor fəallarından məlumat alırıq, məsələni araşdırmaq, yaxud ortaya çıxan problemləri həll etmək üçün öz səlahiyyətlərimiz çərçivəsində zəruri addımları atırıq. Lakin qeyd etdiyim kimi, səlahiyyətlərimiz çərçivəsində. Elə məsələlər var ki, bizim səlahiyyətlərimizdən kənara çıxır, daha çox hüquq-mühafizə orqanlarının, yaxud diplomatik nümayəndəliklərin səlahiyyətlərinə aiddir. Təbii ki, belə situasiyaları nəzərə almaq lazımdır.

– Rusiyadakı Azərbaycan diasporunda – “Azərros”, Rusiya Azərbaycanlıları Konqresində bir müddət əvvəl yaranan problemləri həll edilmiş saymaq olarmı?

– Rusiya azərbaycanlıların ən çox məskunlaşdığı ölkələrdən biridir. Eyni zamanda, ən böyük diaspor təşkilatları da məhz bu ölkədə fəaliyyət göstərir. Müəyyən bir mərhələdə sizin də, geniş ictimaiyyətin də bildiyi bəzi problemlər var idi. Dövlət Komitəsi də bu problemlərlə əlaqədar mövqeyini dəfələrlə çox açıq şəkildə ifadə etmişdi. Hesab edirik ki, o mərhələ artıq tarixdə qalıb. İndi də mövqeyimiz bundan ibarətdir ki, Rusiyada Azərbaycan diasporu daha güclü, daha mütəşəkkil olmalıdır. Çünki Rusiya spesifik ölkədir, Azərbaycanla tərəfdaş qonşu dövlətdir. Beynəlxalq münasibətlər sistemində kifayət qədər ciddi təsir imkanlarına malikdir. Eyni zamanda, qeyd etdiyim kimi, Azərbaycan diasporunun ən böyük kontingenti də məhz bu ölkədə məskunlaşıb. Bizim üçün Rusiyadakı Azərbaycan diasporunun fəaliyyəti olduqca mühüm əhəmiyyət kəsb edir.

Xocalı soyqırımının 25-ci ildönümü ilə bağlı tədbirlər planı üzərində iş aparılır, müəyyən məsləhətləşmələrdən sonra konkret qərarlar qəbul olunacaq

– Xocalı soyqırımının 25 ili tamam olacaq. İldönümünün qeyd olunması istiqamətində hansı addımlar atılması planlaşdırılır? Soyqırımın dünyanın müxtəlif ölkələrini tərəfindən tanınması üçün hansı işlər görülür?

– Xocalı soyqırımının tanıdılması ildönümlərin qeyd edilməsi ilə məhdudlaşdırıla biləcək bir məsələ deyil. Bu istiqamətdə bilirsiniz ki, bir neçə ildir ardıcıl iş aparılır. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə başlanmış “Xocalıya ədalət” beynəlxalq kampaniyası çox uğurla həyata keçirilir. Dünyanın bir neçə ölkəsi Xocalı hadisələrini soyqırımı kimi tanıyıb. Bir neçə beynəlxalq təşkilatlar tərəfindən də analoji addımlar atılıb. Diaspor təşkilatlarına da tövsiyə olunub ki, bu kampaniyada fəal iştirak etsinlər. Soyqırımın 25-ci ildönümü ilə bağlı Dövlət Komitəsi tərəfindən tədbirlər planı üzərində iş aparılır, müəyyən məsləhətləşmələrdən sonra yəqin ki, daha konkret qərarlar qəbul olunacaq. Bu elə bir mövzudur ki, danışmaqdan daha çox iş görmək, konkret addımlar atmaq lazımdır. Digər tərəfdən, planlarımızın bütün detallarını indidən açıqlamaq da doğru olmaz.

www.yenicag.az

613
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv