Daşınmaz əmlak bazarında lüks evlərə TƏLƏBAT: “Şəhərdə belə tikililərin xüsusi alıcıları olduğu üçün…”
“Sənədsiz evlər çox ucuz satıldığından, aztəminatlı ailələr belə yaşayış yerlərinə üstünlük verirlər”.
Bu fikirləri daşınmaz əmlak bazarında müşahidə olunan davamlı qiymət artımının səbəblərini şərh edən ekspert Elnur Fərzəliyev Yenicag.az-a açıqlamasında deyib.
Onun sözlərinə görə, əmlak bazarında qiymət artımı, əsasən, paytaxt Bakı və ölkənin digər böyük şəhərlərində qeydə alınır:
“Əmlak bazarında hər il müşahidə olunan qiymət artımı, əsasən, Bakı və digər böyük şəhərlərdə qeydə alınır. Lakin 2023-cü ildə baş verən bahalaşma ötən illərlə müqayisədə daha kəskin oldu. 2023-cü ilin oktyabr ayından başlayaraq bu günə qədər bazarda çox ciddi durğunluq hökm sürür.
Azərbaycanın daşınmaz əmlak bazarında alıcıları iki kateqoriyaya ayırmaq olar. Birincisi, ilk dəfə və kredit əsasında şəxsi evə sahib olmaq istəyən vətəndaşlardır. İkinci kateqoriya isə evi yatırım məqsədilə alanlardır.
Qiymət artımı olduğuna görə vətəndaşlar öz gəliri ilə ən yaxşı halda yalnız birotaqlı ev ala bilirlər. Biz qiymət artımını daha çox sökülmə üzrə olan köhnə binalarda müşahidə edirik. Bu binalar söküldükdən sonra onun yerinə tikilən binalar əvvəlkindən daha baha olur”.
Ekspert daşınmaz əmlak bazarında lüks evlərə olan tələbatdan da bəhs edib:
“İndiki qiymətlərə 10-20 il əvvəlki müqayisə ilə baxsaq, lüks evlərdə də bahalaşmanın olduğu müşahidə edilir. Şəhərdə belə tikililər azlıq təşkil etdiyi və xüsusi alıcıları olduğu üçün onlara tələbat həmişə yüksək olur.
Ümumiyyətlə, həyət evlərinə nisbətən mənzillərə təlabat daha çoxdur. Lakin sənədsiz evlər çox ucuz satıldığından, aztəminatlı ailələr belə yaşayış yerlərinə üstünlük verirlər.
Həm də Bakıətrafı qəsəbələrdə bağ evləri tükəndiyinə görə vətəndaşlar bu məqsədlə regionlara üz tuturlar. Həyət evlərində qiymətlər standart olmadığından, vətəndaşların onu alıb pula çevirmək planı ləng reallaşdığı üçün mənzillərdə kapitallaşma daha rahat baş verir”.
İsmayıl Bakuvi