Daşıyıcı şirkətlərin qiymət artımı tələbi: Ekspertlər gediş haqqının qaldırılması məsələsində həmfikir deyillər – RƏY

Bir neçə gün öncə Bakı şəhərində və paytaxt ətrafında müntəzəm sərnişindaşıma xidməti göstərən özəl daşıyıcı şirkətlər mövcud tariflərə yenidən baxılması üçün Tarif Şurasına müraciət ediblər. Bu şirkətlər ictimai nəqliyyatda gediş haqqının artırılmasını tələb ediblər. Tarif Şurasından bildirilib ki, gediş haqlarının artırılması gündəmdə olmadığı üçün bu barədə müzakirə aparılmır. Daşıyıcı şirkətlərin bu müraciəti cəmiyyətdə birmənalı qarşılanmayıb.

Mövzu ilə bağlı nəqliyyat eksperti Rauf Ağamirzəyev Yenicag.az-a açıqlamasında qeyd edib ki, özəl daşıyıcı şirkətlərin müraciəti başadüşüləndir, çünki qiymət artımı fonunda artan xərclər həmin şirkətlərə ziyan vurur:

“Daşıyıcı şirkətlərin tələbi təbii prosesdir. Çünki bu gün bir çox sahələrdə qiymət artımı var. İctimai nəqliyyatda qiymət artımının ən son 2018-ci ilin avqustun 1-də baş verdiyini (həmçinin təbii qazın GNG), üstəgəl, pandemiyada bütün yükün avtobusların üzərinə düşdüyünü nəzərə alsaq, daşıyıcıların vəziyyətinin acınacaqlı olduğunu görərik. Ona görə də ya qiymət artımı baş verməlidir, ya da dövlət tərəfindən bütün daşıyıcılara bərabər dotasiya edilməlidir. Dotasiya bütün daşıyıclar arasında bərabər bölünməlidir. Gediş haqqı artımı ilə bağlı fərqli fikirlər irəli sürülür. Daşıyıcı şirkətlərin bəziləri bir sərnişinin daşınmasının 50 qəpiyə, digərləri 80 qəpiyə başa gəldiyini bildiriblər. Əslində, burada şirkətin parkına və göstərdiyi xidmətə də baxılır. “BakuBus”la “Xaliq Faiqoğlu” şirkətində bir sərnişinin daşınması 82 qəpiyə başa gəlir. Problemin həlli üçün yuxarıda qeyd etdiyim iki variantdan biri tətbiq olunmalıdır”.

Nəqliyyat eksperti Aslan Əsədov isə öz növbəsində vurğulayıb ki, gediş haqqı artırılmadan öncə xidmət səviyyəsinin yüksəldilməsi daha məqsədəuyğun olar:

“Özəl daşıyıcı şirkətlərin müraciətini müsbət qarşılamaq düzgün olmaz. Çünki bu gün Bakıətrafı kənd və qəsəbələrdə sərnişindaşıma kifayət qədər ürəkaçan deyil. Xüsusən də pik saatlarda, hava qaralandan sonra müntəzəm marşrut xətləri tapılmır. Ona görə də vətəndaşlar taksi şirkətlərinə müraciət etməyə məcbur olurlar. Özəl daşıyıcı şirkətlər məhz iqtisadi cəhətdən Tarif Şurasına müraciət ediblər. Avtobuslarda gediş haqqı qaldırılsa belə, sərnişindaşımanın keyfiyyəti aşağı olacaq. Ona görə də mövcud problemi həll etmək vacibdir. Fikrimcə, dizel və digər yanacaqlarla işləyən marşrutları qazla işləyən marşrutlarla əvəzləmək daha doğru olar. Son vaxtlar dəmiryol infrastrukturunun qurulması, Bakı dairəvi dəmiryolun çəkilməsi bir növ marşrutlarla əlaqə yaradacaq. Ümumilikdə, “BakuBus” və “Xaliq Faiqoğlu” şirkətinin fəaliyyətinə nəzər salsaq, şəhər daxilində marşrutdan istifadə edən kifayət qədər sərnişinlər var”.

Gülşən Şərif

COP29