Daşkəsəndə qumbaralar və partladıcılar tapıldı

Bu gün Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Daşkəsən rayonu, mərkəzi stadionun yaxınlığında yerləşən məişət tullantıları ərazisində 3 ədəd əl qumbarasının tapılması barədə məlumat daxil olub.

ANAMA-dan Yenicag.az-a verilən məlumata görə, Agentliyin xüsusi mobil çevik əməliyyat və partladıcı axtaran xüsusi təlim keçmiş itlərdən ibarət kinoloji qrupları və Daxili İşlər Nazirliyinin Daşkəsən rayon Polis Şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri və Daşkəsən rayon Polis Şöbəsinin əməkdaşları həmin əraziyə baxış keçirib. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polislər tərəfindən mühasirəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 3 ədəd F-1 əl qumbarası və 3 ədəd UZRQM partladıcısı aşkar olunmuş, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Əl qumbaraları və partladıcıların ətrafında 150 kv.m əraziyə yerüstü, 80 kv.m əraziyə isə yeraltı baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

COP29