Daşkəsən və Gədəbəy rayonlarına ilk qar yağıb.
Yenicag.az xəbər verir ki, dünən günorta saatlarından yağan yağış gecə saatlarında sulu qar və qara çevrilib.
Yağan qarın örtüyünün qalınlığı Daşkəsən rayon mərkəzində az müşahidə edilsə də, daha yüksəklikdə yerləşən Xoşbulaq, Çıraqlı, Əmirvar, Qabaqtəpə, Astaf, Alaxançallı kimi dağ kəndlərində 15-20 santimetrə çatıb.
Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyevin tapşırığına uyğun olaraq kəndlərarası yollarda, o cümlədən yeni inşa olunmuş 25 kilometrlik Daşkəsən- Əmirvar-Qabaqtəpə avtomobil yolunda qarın nəqliyyatın hərəkətinə çətinlik yaratmaması üçün rayonun müvafiq yol xidməti strukturları səfərbər olunaraq təmizləmə işləri aparıb.
Bərdə rayonuna yağan güclü yağış isə bir sıra fəsadlar törədib.
Rayon ərazisində fərdi yaşayış evlərinin zirzəmisini və həyatyanı sahələri su basıb. Həyətlərə və zirzəmilərə dolan yağış suları nasoslar vasitəsilə çəkilir. Bundan başqa, əraziyə yağan yağış nəticəsində kənd təsərrüfatına, əkin və meyvə bağlarına ziyan dəyib.
Rayona elektrik enerjisinin verilməsində fasilələr yaranıb. “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin Bərdə rayon şöbəsinin əməkdaşları elektrik xətlərində baş verən hadisəni aradan qaldırmaq uçun təmir və bərpa işləri aparır.