Ermənistanda “Daşnaksütyun” partiyası ilə baş nazir Nikol Paşinyan arasında qarşıdurma güclənir. Partiyanın xüsusi komissiyasının əlaqələndiricisi və sabiq iqtisadi inkişaf naziri Artsvik Minasyan keçirdiyi mətbuat konfransında yeni hökumətin apardığı daxili və xarici siyasəti sərt tənqid edib.
Yenicag.az xəbər verir ki, erməni KİV-lərinə istinadla xəbər verir ki, “Daşnaksütyun” Paşinyanı ölkənin müdafiə və təhlükəsizlik problemləri ilə məşğul olmamaqda, xüsusən Dağlıq Qarabağ münaqişəsi ilə yetərincə maraqlanmamaqda ittiham edib. Minasyan baş naziri keçmiş Prezident Levon Ter-Petrosyanın siyasi xəttinin davamçısı adlandırıb. Onun sözlərinə görə, Qarabağ problemi həll olunmadan, Ermənistanın iqtisadi inkişafı mümkün olmayacaq.
“Daşnaksütyun” təmsilçisi əlavə edib ki, Paşinyanın texnologiyaların inkişafı ilə bağlı proqramı quru şüardan başqa bir şey deyil və Ermənistanda işsizliyi daha da artıracaq. O xatırladıb ki, rəsmi məlumatlara görə, hazırda bu ölkədə 232 min işsiz var, İKT sahəsində çalışanların sayı isə cəmi 13 min nəfərdir. “Paşinyanın “iqtisadi inqilab” proqramının heç bir real əsası yoxdur. Hətta ehtimal olunan 5 faizlik iqtisadi artım belə bu planı həyata keçirmək üçün kifayət deyil. Proqramın parlamentdəki dar çərçivədə hazırlanması da ciddi şübhələr yaradır. Halbuki ölkənin iqtisadi həyatında bütün siyasi qüvvələrin rəyi nəzərə alınmalıdır”, -deyə Minasyan əlavə edib./AZƏRTAC/