DATÜB 31 Mart Dünya Azərbaycanlılarının Soyqırımı gününü unutmadı – FOTO

Bu gün Bakıda 31 Mart Dünya Azərbaycanlılarının Soyqırımı günü münasibətilə tədbir keçirilib.

DATÜB Azərbaycan Təmsilçiliyi ofisində Azərbaycanda yaşayan Axısxalı ziyalılar, qadınlar və gənclərin iştirakı ilə keçirilən tədbir 31 Mart Soyqırımı qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanılıb.

DATÜB Azərbaycan Təmsilçisi Məmməd Şamilov 31 Mart tarixinin Azərbaycan tarixində unudulmaz bir gün olduğunu qeyd edərək bu hadisənin tarixinə toxunub:

“Mart Soyqırımı və ya Mart Hadisələri 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və daşnak erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri qırğındır. Bu hadisələr nəticəsində minlərlə azərbaycanlı qətlə yetirilmiş, on minlərlə insan itkin düşmüşdür. Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin 26 mart 1998-ci il tarixli Sərəncamı ilə 31 mart hər il Dünya Azərbaycanlılarının Soyqırımı Günü kimi qeyd olunur.

Biz Azərbaycanda yaşayan Axısxa Türkləri də bu ağrı acını hər zaman ürəyimizdə hiss edir, vətənimiz Azərbaycan uğurunda hər zaman mübarizə aparmağa və hətta canımızdan keçməyə də hazır olduğumuzu bəyan edirik. Bütün 31 Mart qurbanlarının xatirəsini yad edir, erməni təcavüzkarlığını da lənətləyirik.”

Daha sonra çıxış edən DATÜB Qadınlar Birliyi Azərbaycan Təmsilçisi Gülnarə Salayeva da soyqırım qurbanlarının əziz xatirəsini anıb, onlara Allahdan rəhmət diləyib. Gülnarə Salayeva Dünya Ahıska Türkləri Birliyi ( DATÜB) tərəfindən Qazaxıstanın qədim şəhəri Almatıda keçirilən I. Beynəlxalq Qadınlar Forumunda Azərbaycanda yaşayan Axısxa Türklərini təmsilən qatılan nümayəndə heyətinin rəhbəri olaraq forum barədə fikirlərini toplantı iştirakçıları ilə bölüşüb.

Forum çərçivəsində DATÜB-ün Qadınlar Birliyinin formalaşması və Azərbaycan Təmsilçiliyinə özünün təyin edildiyini bildirən Gülnarə Salayeva, forumda Azərbaycanda yaşayan Axısxalı qadınların problemlərinin və fikirlərinin də çatdırıldığını və forum iştirakçıları tərəfindən müsbət qarşılandığını bildirib.

Tədbirdə çıxış edən DATÜB Gənclər Təşkilatı Azərbaycan Təmsilçisi Kənan İbrahimli bütün tədbir iştirakçılarını salamlayaraq, tədbirdə iştirakı üçün bütün gənclərə və iştirakçılara təşəkkür edib.

Tədbir daha sonra gənclərin gələcək planları və gələcəkdə həyata keçiriləcək layihələrin müzakirəsi ilə davam etdirilib.

Sonda isə tədbir iştirakçıları son zamanlar facebook sosial şəbəkəsi vasitəsilə DATÜB və DATÜB Prezidenti Ziyatdin Kassanova qarşı aparılan çirkin qaralama kampaniyası, çirkin şər və böhtanlardan dolayı Səlim İsgəndərovu qınayıb, gələcəkdə bu formada davranışlarına davam edəcəyi təqdirdə lazımi səviyyədə tədbirlərin görüləcəyi barədə fikirlər səsləndirib.

Sonda isə xatirə şəkli çəkdiriliblər./Turkustan.info/