“Davam” və ANİİA arasında niyyət sazişi – Gənc sahibkarlar klubu yaradılır – FOTO 

18 iyun tarixində Bakı Dayaq Mərkəzində “Davam” Gənclər Hərəkatı və Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyasının iştirakı ilə media-brifinq keçirilib.

Brifinqdə “Davam”ın sədri Nihad Allahyarlı, Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyasının və KOBİA İctimai Şurasının sədri Fərhad Qaraşov, media nümayəndələri iştirak edib.

Brifinqin keçirilməsində məqsəd “Davam” Gənclər Hərəkatı və Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyası arasında imzalanan əməkdaşlıq haqqında niyyət sazişini ölkə ictimaiyyətinə təqdim etmək olub.

Çıxış edən Nihad Allahyarlı qonaqları salamlayaraq tərəflər arasında qurulan əməkdaşlıq əlaqələrinin vacibliyindən bəhs edib. O, “Davam” Gənclər Hərəkatının sahibkarlığa marağı olan üzvləri üçün bu əməkdaşlıq münasibətlərinin qurulmasının xüsusi əhəmiyyət kəsb etdiyini bildirib. Həmçinin qurulan hər bir əməkdaşlığın davamçı gənclərə əməli şəkildə yeni imkan və perspektivlər açdığını vurğulayıb.

Öz növbəsində çıxış edən Fərhad Qaraşov ANİİA haqqında ətraflı məlumat verərək əməkdaşlığın perspektivlərindən danışıb. O bildirib ki, təkcə Assosiasiya üzrə deyil, eləcə də KOBİA olaraq hərəkat tərəfindən verilən təkliflər dəyərləndirilib dəstəklənəcək və lazımi diqqət göstəriləcək.

Sonra isə tərəflər arasında əməkdaşlığın genişləndirilməsinə dair niyyət sazişi imzalanıb. Sazişə əsasən qarşıda duran məsələlərdə narçılığın təşviqi, narın Azərbaycan məhsulu olmasının dünya ictimaiyyətinə çatdırılması və mənfur düşmənin narla bağlı yaratmaq istədiyi yanlış düşüncələrin aradan qaldırılması istiqamətində müxtəlif addımların atılması planlaşdırılır. Eləcə də hər iki tərəf üçün gənc sahibkarların inkişafına töhfə vermək məqsədilə hərəkat nəzdində “Gənc sahibkarlar” klubunun yaradılması və bu klubun fəaliyyətinin tənzimlənməsi üçün Assosiasiya ilə davamlı işin aparılması prioritet hədəf kimi qarşıya qoyulub.

Brifinqin gedişatında sual-cavab sessiyası baş tutub, tərəflər və jurnalistlər arasında fikir mübadiləsi aparılıb.

Sonda Assosiasiyanın sədri Fərhad Qaraşov ANİİA adından olan xüsusi hədiyyəni “Davam” Gənclər Hərəkatına təqdim edib. Hərəkatın sədri Nihad Allahyarlı Fərhad Qaraşovu ofis və katibliklə tanış edib.