Daxili siyasətdə sonu görünməyən ƏTALƏT: “Bununla bağlı sosial sifariş olmadığı üçün…”

“Azərbaycana qarşı təzyiqlərin artması daxili siyasət məsələlərini nəinki ikinci, hətta üçüncü, dördüncü plana keçirib”.

Bu fikirləri ölkənin daxili siyasi həyatında müşahidə olunan passivliyin səbəbləri və mümkün davamlılığı barədə danışan Azərbaycan Milli Cəbhə Partiyasının (AMCP) sədri, millət vəkili Razi Nurullayev Yenicag.az-a açıqlamasında deyib.Razi Nurullayevin sözlərinə görə, 2023-cü ilin sonuna qədər Qarabağ məsələsi ölkənin ən aktual mövzusu olacaq:

“Hazırda əksəriyyətin şüurundakı əsas mövzu Qarabağın işğaldan azad olunmasıdır. Qarabağın işğaldan azad edilməsindən sonra elə bir vəziyyət yaranıb ki, daxili siyasətlə bağlı sosial sifariş yoxdur. Bu gün hər kəsin nəzəri Qarabağa yönəlib.

Azərbaycanın üzərinə gələn beynəlxalq güclər var. Belə bir vaxtda hamı ölkəmizin bu problemindən danışmaq istəyir. Ona görə də, daxili siyasət məsələləri nəinki ikinci, hətta üçüncü, dördüncü plana keçib. 2023-cü ilin sonuna qədər Qarabağ məsələsi ən aktual mövzumuz olacaq.

2024-cü ildən daxili siyasətdə də aktivlik müşahidə ediləcək. Rəhbərlik etdiyim AMCP ola bilsin, noyabrın ortalarından başalayaraq, öz fəaliyyətini müəyyən qədər aktivləşdirsin. Düzdür, indi də fəaliyyətimiz aktivdir, ancaq görülən işləri ictimailəşdirmirik. Çünki indi Qarabağ məsələsi fonunda bunları etmək doğru olmaz.

Dediyim kimi, Qarabağ məsələsini artıq tam həll etmişik, indi də beynəlxalq aləmdən gələn təpkilərin qarşısında dayanmalı, Azərbaycanı bu təzyiqlərdən qorumalıyıq. Məncə, doğru mövqedəyik və hesab edirəm ki, yaxın zamanlarda siyasi partiyalar özlərinin Nizamnaməsi çərçivəsində fəaliyyətini gücləndirəcək”.

Səxavət Məmməd

COP29