“Sərnişinləri narahat edən bu problemin əsas səbəbi marşrut xətlərindəki avtobusların sayının azlığıdır”.
Bu fikirləri müxtəlif istiqamətlər üzrə hərəkət edən marşrut avtobuslarının həddindən artıq gecikmələrinin səbəbini şərh edən nəqliyyat eksperti Aslan Əsədov Yenicag.az-a açıqlamasında deyib.
Onun sözlərinə görə, ən azı son 5 ildə marşrut avtobuslarının gecikməsi artıq xoşagəlməz ənənə halını alıb:
“Avtobusların gecikməsini əksər hallarda tıxaclarla əlaqələndirirlər. Lakin tıxac olmayan ərazilərdə də belə avtobusların gecikməsi müşahidə edilir.
Reallıqda isə sərnişinləri narahat edən bu problemin əsas səbəbi marşrut xətlərindəki avtobusların sayının azlığıdır. Ona görə də, xətdəki avtobuslar günün istənilən vaxtında sərnişin tələbatını ödəyə bilmir.
Bu baxımdan, problemin həlli üçün marşrut xətlərinə tələbata uyğun sayda yeni avtobusların buraxılmasından birbaşa asılıdır. Xüsusilə də, sərnişin sıxlığının hər zaman çox olduğu ərazilərdə yeni iritutumlu avtubusların xəttə buraxılması zəruridir”.
Nuray Məmmədzadə