Argentina millisinin kapitanı Lionel Messi FIFA-nın reqlamentini pozub.
Yenicag.az xəbər verir ki, buna 35 yaşlı futbolçunun Qətərdəki dünya çempionatının finalında Fransanı məğlub etdikləri oyundan sonra mükafatlandırma mərasimindəki hərəkəti səbəb olub.
Təcrübəli forvard dünya kubokunu əynində ərəblərə məxsus geyim tərzi olan biştlə başı üzərinə qaldırıb.
Ali futbol qurumunun qaydalarına əsasən, final matçında bayram geyimlərindən yalnız FIFA-nın rəsmi tədbirləri başa çatdıqdan sonra (bu müddət ərzində komanda müvafiq oyun üçün nəzərdə tutulan formaları geyinməlidir) istifadə oluna bilər.
Maraqlıdır ki, Messi bişti qəbul edərkən FİFA prezidenti Canni İnfantino da səhnədə olub və buna heç bir reaksiya verməyib.
Qeyd edək ki, Argentina və Fransa yığmaları arasında final matçının əsas vaxtı 2:2 hesabı ilə başa çatıb. Əlavə vaxtda tərəflər hərəyə daha bir dəfə fərqləniblər. Hesab 3:3 olduğundan penaltilər seriyasından istifadə edilib. Burada daha dəqiq oynayan (4:2) “tanqoçular” 3-cü dəfə dünya çempionu olublar./Report/