Dəbdəbəli həyat tərzi ilə gündəmə gələn Bədəl Bədəlov YAP-ın siyahısına necə düşüb? – Deputatlığa namizədin qaranlıq keçmişi
Sentyabrın 1-də keçiriləcək növbədənkənar partlament seçkilərində yeni simaların olacağı şübhəsizdir. Ancaq bir neçə gün öncə hakim Yeni Azərbaycan Partiyasının (YAP) siyahısı açıqlananda çoxları yeni adları görüb təəccübləndi. Çünki hakim partiyanın açıqladığı siyahıda olduqca ilginc, keçmişi qaranlıq olan sabiq məmurlar da yer almışdı.
Belə ki, hakim partiyanın siyahısında yer alan Dövlət Neft Şirkətinin sabiq vitse-prezidenti Bədəl Bədəlovun adı hər zaman müxtəlif qalmaqallarda hallanıb. Belə bir şəxsin namizədliyinin Azərbaycanın həssas bölgələrindən biri olan 96 saylı Goranboy – Naftalan seçki dairəsindən irəli sürülməsi birmənalı qarşılanmadı. Sosial şəbəkələrdə Bədəl Bədəlovun əməlləri barədə yazılar dərc edilməyə başladı. Qeyd edək ki, Bədəl Bədəlov prezidentin 28 iyul 2023-cü il tarxili sərəncamı ilə vəzifəsindən azad edilib.
Bir sözlə, 1 ildir gözə görünməyən Bədəl Bədəlovu kimlərsə siyasət meydanına atmağı bacarıb.
Hər zaman Bədəl Bədəlov medianın diqqət mərkəzində olub. Amma heç vaxt sabiq vitse-prezident yaxşı işləri ilə diqqət mərkəzində olmayıb. Ya oğlunun qalmaqallı hərəkətləri, ya da çoxsaylı əmləklarını siyahısı diqqət çəkib.
Dövlət Neft Şirkətində (SOCAR) sosial məsələlər üzrə vitse-prezident olduğu müddət ərzində Bədəl Bədəlov özünə kifayət qədər var dövlət yığa bilib.
Vətəninfo.az xəbər verir ki, Bədəl Bədəlov 2011-ci ildən bu vəzifəni daşıyıb və 12 illik vitse-prezidentlik dövründə Dövlət Neft Şirkətində ölkəmiz üçün heç bir lazımlı layihə həyata keçirə bilməyib.
Bədəl Bədəlov üzdə olmayan ən varlı oliqarx məmurlardan biri olub.
Bədəl Bədəlovun təkcə Bakıda onlarla bahalı əmlakı var. Paytaxtın “Varovski” deyilən və varlılar məhəllləsi kimi tanınan ərazisində dəyəri milyonlarla ölçülən bir neçə villası var. Yəqin ki, Bədəl Bədəlov bu villaları, həmçinin Bakıdakı bahalı əmlaklarını sadə əməkhaqqı ilə almayıb.
Bədəl Bədəlovun ailəsinə məxsus olan “Naftalan Mərkəzi Sanatoriyası” MMC-ni oğlu Elvin Bədəlov idarə edir. Nizamnamə kapitalı 50 manat olan MMC-nin qanuni təmsilçisi Elvin Bədəlovdur. Xatırladaq ki, bu məlumat ictimailəşəndən sonra sanatoriyanın qanuni təmsilçisi tez-tələsik dəyişdirildi.
Onun digər oğlu Elçin Bədəlovun dəbdəbəli həyat tərzi hər zaman diqqət mərkəzində olub. Onun bahalı avtomobillərlə fotoları sosial şəbəkələrin “bəzəyinə” çevrilib.
Oliqarx məmur statusunu itirdikdən sonra biznes fəaliyyətini genişləndirən Bədəl Bədəlovun daha bir neçə sanatoriya inşa etdirsiyi iddia edilir.
Qeyd edək ki, onun adının birdən- birə 96 saylı Goranboy – Naftalan seçki dairəsindən irəli sürülməsi hakim partiyanın daxilində də söz söhbətə səbəb olub. İddia edilir ki, hansısa sehrli əl sabiq vitse-prezidentin adını bu siyahıya saldırmağı bacarıb.
Maraqlıdır ki, təkcə Bakıda onlarla böyük əmlaka sahib Bədəl Bədəlov hansı xidmətlərinə görə hakim partiyanın siyahısına salınıb?