Nə qədər muğamatımız yaşayır, onun da adı əbədi yaşayacaq. Öz sənəti ilə müdrik el ağsaqqalı kimi sevilən xanəndə, xalq tərəfindən “Dədə Süleyman” deyə çağırılan Süleyman Abdullayev… Həyatdan cismən köçən, ruhən isə əbədi olaraq sənət dünyasının sonsuz kəhkəşanında pərvazlanan Dədə Süleymanın bu gün xatirə günüdür. Onun məlahətli səsinin, vurduğu şaqraq zəngülələrinin o qədər heyranları var idi ki, çoxları “Dədə yolu” oxumağıyla özünü ona bənzətməyə çalışırdılar. Amma Tanrıdan ona lütf olunan bu ilahi səsi təkrarlamağa çalışsalar da, bu zəngülələrin bənzəri yox idi. Dədə Süleymanın ömrü bu gün oxuduğu gözəl musiqilərlə davam etməkdədir. Sənətkarlar ölməz və əbədidir axı…
Dədə Süleymanın xatirə günündə qızı Aygün Abdullayeva ilə həmsöhbət olduq. Yenicag.az-a açıqlama verən Aygün sənətkarla bağlı arzularını ifadə edib:
“Fəxr edirəm ki, belə sənətkarın, belə məğrur, əzəmətli kişinin qızıyam. O, həm şəxsiyyət idi, həm sənətkar. İnsan kimi də gözəl insan idi. O qədər mərhəmətli idi ki, qarışqanı belə incitməzdi. Sənətinin fədaisi idi, musiqi ilə nəfəs alırdı. Seyid Şuşinskinin ən sevimli tələbələrindən idi atam. Hər zaman da bunu qürurla söyləyirdi. Dünyadan köç etdiyi günə qədər də ustadının yolunu adına layiq şəkildə ləyaqətlə, fəxrlə davam etdirdi. Atam gənclərə çox inanırdı və hər zaman onlara dəstək olmaqdan zövq alırdı. Seyiddən öyrəndiklərini sevə-sevə gənclərə öyrədirdi. Bunu sizə bir dəfə demişdim, yenə də deyirəm, çox istəyirəm ki, Dədənin adı bu gün əbədiləşdirilsin…Hər kəsin Dədə deyib ehtiram bəslədiyi Seyid Şuşinski yadigarı olan atamın adına Fizuli şəhərində musiqi məktəbi açılsın. Gənc nəsil musiqi, muğamsevərlər həmin musiqi məktəbində muğamın sirlərini öyrənsin, Azərbaycan musiqisini bütün dünyada təmsil və təbliğ etsinlər. O zaman atamın da ruhu şad olar. Dədə Süleymanın adını daşıyan musiqi ocağı fəaliyyətə başlayacağına inanıram və əlaqədar qurumlardan tezliklə o xoş xəbəri səbirsizliklə gözləyirəm”.
Aygün atasını tez-tez yuxuda gördüyünü deyir:
“Məni çox istəyirdi atam. Onun ruhu bu gün də məni qoruyur. Tez-tez yuxularıma gəlir, saçıma sığal çəkir, həmişə yanımda olacağını deyir. Fotoşəkillərinə, lent yazılarına baxıram. İlahi atamdan heç nə əsirgəməmişdi. O səs Allahın atama bəxş etdiyi ən böyük lütf idi. Nə qədər ki, Azərbaycan muğamatı, musiqisi yaşayır, Dədə Süleymanın da adı yaşayacaq. Bu gün sənin bu dünyadan cismən köçdüyün gündür, ata, sənin üçün çox darıxıram”.
Cəvahir