Bəzi insanlar kökəldikdən sonra arıqlaya bilmir, mədələrini kəsdirmək qərarına gəlirlər.
Yenicag.az xəbər verir ki, mədəsini kiçiltmək üçün özəl klinikalardan birində keçirdiyi əməliyyat Bakının Mərdəkan qəsəbəsində yaşamış 34 yaşlı Samir Dəmirovun həyatına son qoyub.
İnsanları öz ayaqları ilə ölümə doğru sürükləyən səbəb NƏDİR?
Həkim Arzu Quliyeva məsələyə münasibət bildirib: “Bədən çəki indeksinin 40-dan yuxarı olduğu hallarda məcburiyyət qarşısında qalırsan. Çünki, bu cür piylənməsi olan xəstələrin endokrinoloji problemi var ki, öhdəsindən gələ bilmir. O piylənmə özü də ağır xəstəliklərə gətirib çıxarır. Buna görə mədə kəsdirmək qərarına gəlirlər”.
Əməliyyat düzgün icra olunmadıqda və ya xəstənin orqanizmi əməliyyata dözmədikdə bədbəxt sonluq qaçılmaz olur.
Cərrah Elçin Abdinov: “Mədənin tikiş tutarsızlığı olarsa insanda intoksikasiya yaranır. Həkimlər də bilir ki, intoksikasiya olan insanın əvvəlki vəziyyətinə qayıtması müşkül məsələdir”.
Bütün bu halların baş verməməsi üçün hər bir insan ilk növbədə düzgün qidalanmalıdır. Bu isə əməliyyat qədər çətin məsələ deyil.
Dietoloq Leyla Zülfüqarlı: “Biz çörəyi çörəklə yeyirik. Yağlı, ağır yemək problemi nə qədər ki, həll olunmayıb, o qədər də piylənmə problemi olacaq. Biz sağlam olmaq üçün qidalanmalıyıq. Nəfsimizi öldürmək üçün deyil”.
Deməli insanı cərrahi müdaxiləyə, ölümə aparan elə özüdür. Öz cəlladımız olmamaq üçün isə mədəmizə, yeməyimizə nəzarət etməliyik.