Dəhşət! Bakıda bağça müdiri 3 yaşlı qıza zülm etdi – 3 manat üçün

aile-ici-siddet-nesilleri-etkiliyor-1426071879Bakıda uşaq bağçası müdirinin 3 manata görə 3 yaşı hələ tamam olmamış kiçik qıza işgəncə tətbiq etməsi ilə bağlı iddialar səsləndirilir.

Yenicag.az xəbər verir ki, Avropa.info-ya müraciət edən Bakı şəhəri Binəqədi rayon sakini Vəfa Qədirova adıçəkilən rayonda yerləşən 210 saylı uşaq bağçasının müdiri Həmidə Əliyevanın onun qızı 3 yaşı hələ tamam olmamış qızı Əsmərə işgəncə verdiyini iddia edib. Valideynin müraciətini olduğu kimi təqdim edirik:

“Qızımın adı Əsmərdir. 3 yaşı hələ tamam deyil. 18 aylığından onu evimizin yanındakı Binəqədi rayon 210 saylı bağçaya qoyduq. Bağçaya qəbul zamanı müdir özü yox idi, katibəsi bildirdi ki, qəbul 250 manatdır. Qiymətlə bağlı bir az tərəddüd oldu, xanım da “50 manat keçərik” dedi. Daha sonra müdir Həmidə Əliyeva 50 manatı pulun üstünə əlavə edim deyə, məni yenidən dəvət etdi. Dedim, müəllimə, bağışlayın, amma hazırda pulum qalmayıb. “Harda yaşayıram, kiməm, kimin yoldaşıyam” deyib sorğuladı. Məlum oldu ki, sən demə, o, mənim qayınanamı, bizim ailəni yaxşı tanıyır. Və bu səbəbdən də 50 manatın söhbətini eləmədi, “tanışıq, 50 manat qalsın” dedi. 2014-cü il yanvar ayından bu yana biz hər ay bağçaya 45 manat pul ödəyirik. 2 müəllimənin hər birinə və xadiməyə də 10 manatdan-30 manat, əlavə olaraq da “fond pulu” adıyla da 15 manat. Arada bayramlar olur, tədbirlər olur – hər dəfə də 5 manat, 3 manat, 10 manat.

Biz də bir valideyn olaraq övladımıza aid olan, onun inkişafı üçün lazım olan bütün tədbirlərdə iştirakını dəstəkləyib istənilən məbləği vermişik.

1 həftə əvvəl Əsməri bağçadan gətirməyə getdim. Müəllimə dedi ki, tədbir keçiriləcək, böyük qruplar üçün, bizim uşaqlar tədbirdə iştirak etmirlər, sadəcə baxacaqlar. 3 manatdan pul yığırlar, versəniz də olar, verməsəniz də. Mən də dedim ki, müəllimə, əgər Əsmərin bir çıxışı yoxdursa, artıq pulumuz yoxdur. Mən vermirəm. Beləcə 3-4 gün keçdi. Mayın 31-i idi. Müəllimə bir də dedi ki, Vəfa, müdir deyib hamıdan yığın, vallah, bizə də belə deyirlər. Mən dedim, müəllimə, siz özünüzü pis eləməyin müdirinizin yanında. Soruşsa, deyin, o valideyn pulu vermədi.

İyunun 1-də Beynəlxalq Uşaq Bayramı günündə mən də Əsməri qəşəng geyindirdim, apardım bağçaya. Dedim əgər bayırda olan tədbirə görə pul verməyən uşaqlar olsa, Əsmər də öz qrupunda məni gözləyər, ya da nə olsun ki, 3 manat verməmişik, yəqin çıxıb şənliyə baxarlar. Kənardan baxmaq da pulla deyil ki.

Axşam həyat yoldaşım Kamranla getdik uşağı götürüb gimnastikaya aparaq. Gördüm, uşaq elə yorğun, elə bikefdir ki! Heç üzümə də baxmaq istəmir. Xadimə dedi ki, bu gün Əsmər böyük bayıra çıxıb, paltarını batırıb. Bundan başqa da bu gün sizə görə mən də otaqda Əsmərlə dustaq qalmışam. Təəccüblə dedim, nə olub ki? Dustaq niyə? Uşaq böyük bayıra özü gedir, həm də birbaşa unitaza. Niyə belə eliyib görəsən? Dedi, siz pul verməmisiz deyə, bağça müdiri Həmidə müəllimə Əsmərlə məni şənliyə baxmağa qoymadı. Dedi ki, mənim uşağa yazığım gəldi, aldım qucağıma çıxartdım bayıra. Kənardan baxsın deyə. Müdir bizi gördü və üstümə acıqlandı ki, qızı da götür, gir otağa. Sonra mən arxa qapıdan apardım uşağı, mətbəxin pəncərəsindən də olsa baxsın, yazıqdı, körpədir. Ordan da bizi qovdu.

Uşağı idmana aparırdıq deyə tələsirdik, söhbəti saxladım sabaha. Bu gün getdim (dünən – red.) müdirin yanına. Soruşdum ondan ki, 3 manata görə sən mənim körpəmi otaqda dustaq edəndə içində heç bir gizilti qopmadı? Heçmi o şənlikdə ürəyin sızlamadı ki, bu boyda bağçada tək 1 körpə şənliyi uzaqdan dinləyir? Bəlkə o ağlayır? Bəlkə gözü qapıda qalıb ki, kaş gəlib məni də mahnı olan yerə aparaydılar? Sən elədiyin hərəkətə nə don geyindirəcəksən ki, mənim alovumu söndürəsən? Dedi ki, mən 3 manata görə yox, sənin sözünə görə elə elədim. Düz də eləmişəm”.

COP29