Bakıda ögey anasını öldürməkdə təqsirləndirilən Günay Məmmədovaya və onun həyat yoldaşı Həmzə Verdiyevə hökm oxunub və qadın 16 il, əri isə 19 il müddətinə azadlıqdan məhrum edilib.
Yenicag.az xəbər verir ki, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə elan olunub.
Qeyd edək ki, 2021-ci il martın 25-də Binəqədi rayon sakini, 42 yaşlı Baxşəliyeva Qərənfil İlyas qızının itkin düşməsi ilə bağlı Binəqədi Rayon Polis İdarəsinə müraciət daxil olub.
Daha sonra Q.Baxşəliyevanın qəsdən öldürülməsi müəyyən edilib.
Araşdırmalarla zərərçəkmişin ögey qızı G.Məmmədova və onun əri H.Verdiyev ilə aralarında şəxsi münasibətlər zəminində mövcud olmuş uzun müddətli mübahisələr səbəbindən sonuncuların martın 25-də qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında birgə yaşadıqları evdə balta ilə çoxsaylı xəsarətlər yetirib, Q.Baxşəliyevanı qəsdən öldürmələrinə və meyitini Qaradağ rayonu ərazisindəki gölməçəyə atmalarına əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.1 (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, hər iki şəxs tutulub./Report/