“Adi vətəndaş gözü ilə belə təyyarənin vurulduğu açıq-aşkar görünür”.
Bunu Yenicag.az-a açıqlamasında Rusiyanın mülki Azərbaycan təyyarəsini vurması ilə bağlı yayılan xəbərləri şərh edən politoloq Qulamhüseyn Əlibəyli deyib.
Onun sözlərinə görə, təyyarə üzərindəki izlər və ekspertlərin rəyi təyyarənin həqiqətən də vurulduğunu deməyə əsas verir.
“Bu, müxtəlif səbəblərdən baş verə bilər, eyni zamanda, qəsdən vurulması da istisna olunmur. Variantlar çoxdur, Ukrayna PUA-larına qarşı mübarizədə yanlışlıqla bizim təyyarənin zərər görməsi mümkündür. Ancaq nəyə görə pilotlar eniş üçün yaxın məsafəyə yönləndirilmədi? Qaranlıq məqamlar burada başlayır. Aydınlaşdırılmalı olan məsələlər var”.
“Təyyarənin qəsdən vurulduğunu demək üçün kifayət qədər əsas var. Qaranlıq olan məsələlər hər iki tərəf orqanları tərəfindən cəmiyyətə bildirilməlidir. Çünki adi vətəndaş gözü ilə belə təyyarənin vurulduğu açıq-aşkar görünür. Nəticələrin aradan qaldırılması üçün artıq Azərbaycan müəyyən tədbirlər həyata keçirir. Lakin bu tədbirlərin əhatə dairəsi daha da genişləndirilməlidir”, – deyə o bildirib.
Nəsimi Ələsgərli