Dəhşətli soyuqlar nə zaman gələcək? – Meteoroloq AÇIQLADI

“Oktyabr və noyabr aylarında havanın temperaturunda intensiv eniş davam edir və noyabrda minimum temperatur Kiçik və Böyük Qafqazın yüksək dağlıq zonalarında qeydə alınır”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında havaların kəskin soyuması tarixi barədə danışan meteoroloq Cavid Hüseynov deyib.

Onun sözlərinə görə, ölkəmizdə yay fəsli may ayının ikinci ongünlüyündən sentyabr ayının ortalarınadək, təxminən 120 gün davam edir.

“Sentyabr ayının üçüncü ongünlüyündən başlayaraq, havanın temperaturu aşağı enməyə başlayır. Sentyabr ayının orta aylıq temperaturu Abşeronda- 21,3-22,4°C, Lənkəran-Astara zonasında- 15,6-21,5°C, Kür-Araz ovalığında- 21,4-22,5°С, Kiçik Qafqazın şərq yamacında- 10,5-19,8°С, Kiçik Qafqazın şimal yamacında- 11,8-13,8°С, Qazax-Gəncə zonasında- 19,8-20,4°С, Böyük Qafqazın cənub yamacında- 11,8-19,6°С, Böyük Qafqazın şimal-şərq yamacında- 10,3-19,3°С, Naxçıvanda isə 20,5-21,9°С müşahidə edilir. Oktyabr və noyabr aylarında havanın temperaturunda intensiv eniş davam edir və noyabrda minimum temperatur Kiçik və Böyük Qafqazın yüksək dağlıq zonalarında qeydə alınır”, – deyə o əlavə edib.

C.Hüseynov qeyd edib ki, Abşeron yarımadasında payız mövsümündə yağıntıların miqdarı və dəyişmə əmsalları qış qiymətlərindən az fərqlənir.

“Payız yağıntıları ən çox Astara və Lənkəranda müşahidə edilir. Ölkəmizdə qış fəslinin nisbətən mülayim, bəzi günlərdə isə hava şəraitinin şaxtalı və qarlı keçməsi istisna olunmur. Qış fəslinin iqlim xüsusiyyətlərinə görə, adətən yanvar və fevral aylarında bölgəmiz tez-tez Arktik hava kütlələrinin təsirinə məruz qalır. Belə ki, qış fəslinin ortaları və sonunda temperaturun bəzi günlərdə qısa müddətə normadan aşağı düşəcəyi, yağıntıların isə əsasən iqlim normasına yaxın olacağı ehtimal olunur”, – deyə o, fikirlərini yekunlaşdırıb.

İsmayıl Bakuvi

COP29