Bakıda qadına qarşı dələduzluq edilib.
Yenicag.az xəbər verir ki, paytaxt sakini Fəridə Quliyeva ümumilikdə 92 min manatlıq dələduzluğa məruz qalıb. Belə ki, o, “Nərimanov” metro stansiyası yaxınlığında yerləşən binadan kreditlə ev almaq üçün qohumu Qızılgül Musayevaya 2018-ci ildə ilkin olaraq 15 min manat verib. Daha sonra hər ay iki min manat həmin şəxsə pul ödəyib.
2020-ci ildə isə Q.Musayeva F.Quliyevaya həmin binadan ev əvəzinə iaşə obyekti almağı məsləhət görüb. Bu məqsədlə zərərçəkmişdən əlavə 15 min manat da pul alıb. Aldadıldığını görən F.Quliyeva Nərimanov Rayon Polis İdarəsinə müraciət edib.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dələduzluq edən Qızılgül Musayeva saxlanılıb.
İstintaq zamanı məlum olub ki, Q.Musayeva dələduzluqla əldə etdiyi pulu qızıl alveri ilə məşğul olan tanışına verib. Niyyəti xaricdən qızıl gətirib baha qiymətə satmaq olub.
Dəymiş ziyan tam olaraq zərərçəkmişə ödətdirilib.
Faktla bağlı araşdırmalar davam etdirilir.