Xəbər verdiyimiz kimi, 2018-ci ilin idman yekunlarına həsr olunmuş mərasimdə bir sıra idmançılar Azərbaycan prezidenti İlham Əliyev tərəfindən mənzillə mükafatlandırılıb.
Yenicag.az-ın məlumatına görə, mənzillə mükafatlandırılanlardan biri də şaolin idman növü üzrə mütəxəssis Hüseynov Ruxi Malik oğludur.
Evlə təmin olunan idmançı şəxsi “facebook” səhifəsində mükafatlandırıldığı üçün ölkə başçısı İlham Əliyevə, millət vəkili Cavid Qurbanova, gənclər və idman naziri Azad Rəhimova, o cümlədən də Savat və Şaoilin Döyüş Sənətləri Federasiyasının prezidenti Rafiq Əliyevə minnətdarlığını bildirib. Bu, Ruxi Hüseynovun evlə təmin olunmasından sonra məmnun halıdır.
Maraqlıdır ki, adıçəkilən idmançı bir müddət əvvəl səbrsiz davranaraq etirazçı kimi çıxış edib. O, mənzil ala bilmədiyi üçün sosial şəbəkədəki hesablarında yazıb: “Azərbaycanda yaşayırsansa, ya babat pulun olmalıdır, ya güclü daydayın, ya da …. girən olmalısan. Bunların heç biri yoxdursa, baş götürüb bu ölkədən qaçmaq lazımdır”.
Hər halda idmançı noyabr ayında yazdığı statusla mənzillə təmin olunmasına haqqı çatdığını bildirir. Görünür, bu məsələnin gecikməsi onun səbr kasasını daşdırıb. Sözsüz ki, bu işin yubanmasında gənclər və idman naziri Azad Rəhimovun payı da az deyil. İdmançının etirazçı kimi çıxış etməsi bunu deməyə əsas verir.
Qeyd edək ki, Ruxi Hüseynovun sosial şəbəkədəki dostlarından birinin verdiyi “Sənin kimi idmançıya ev verməyib, bəs kimə ev verəcəklər” sualına idmançı belə cavab verib: “Dələduzlara”. Görəsən, bu məsələdə dələduzluq edən kimdir?