Dələduzluq edən qadın saxlanıldı: 15 nəfərə 50 min manat “atıb”

Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən dələduzluq edən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Yenicag.az-a verilən məlumata görə, rayon sakinlərindən daxil olan müraciət əsasında keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində dələduzluq etməkdə şübhəli bilinən, rayon sakini, əvvəllər eyni əmələ görə məhkum olunmuş Şəhrizad Məmmədova saxlanılıb.

Araşdırma zamanı müəyyən edilib ki, saxlanılan şəxs ümumilikdə 15 vətəndaşdan işlə təmin etmək və pensiya düzəltmək adı ilə 50 000 manatdan çox nağd pul alaraq onlara qarşı dələduzluq edib.

Faktla bağlı Cinayət Məcəlləsinin 178-ci maddəsinin (Dələduzluq) müvafiq bəndi ilə cinayət işi başlanılıb.

Bu şəxsin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa “102” Zəng Mərkəzinə, Şəmkir Rayon Polis Şöbəsinə və ya ərazi üzrə polis idarə, şöbə və ya bölmələrinə müraciət edə bilərlər.