Dələduzluqda suçlanan şəxsin KARYERA “SIÇRAYIŞI”: Seymur Məmmədov Sumqayıtda yüksək vəzifəyə necə gətirilib?
Azərbaycanda müxtəlif səviyyəli vəzifələrə təyin olunan bir sıra şəxslərin keçmişi ilə bağlı ilginc faktların ortaya çıxması demək olar, adi hal alıb.
Yenicag.az-ın əldə etdiyi məlumatda Sumqayıt Bulvar İdarəsinin direktoru Seymur Məmmədovun da nəzərdə tutulan məmurların sırasında yer tutduğu iddia olunur.
Daxil olan məlumatda bildirilir ki, Seymur Məmmədov Sumqayıt Bulvar idarəsinin direktoru vəzifəsinə təyinat almazdan bir neçə ay əvvəl Bakı Apellyasiya Məhkəməsində dələduzluq maddəsi ilə mühakimə olunub.
Qeyd olunur ki, Abşeron rayonu Saray Bələdiyyəsi və vətəndaşlar Elşən Rəhmanlı ilə Elmir Şəmiyevin iddiası əsasında 2022-ci ildə Bakı Apellyasiya Məhkəməsində hakim Rəşad Abdulovun sədrliyi ilə baxılan işin yekununda Seymur Məmmədov və həm qohumu, həm də ortağı kimi adı hallanan Çingiz Təhməzov Cinayət Məcəlləsinin 178.3.2 maddələri ilə təqsirləndirilərək 5 il şərti cəza alıb.
Eyni zamanda, Seymur Məmmədovun Masazır qəsəbəsindəki “göl” adlanan ərazidə qanunsuz olaraq həyata keçirilən həyət evlərinin inşasına hamilik etdiyi də onun barəsində irəli sürülən iddiaların mühüm elementi kimi önə çıxır.
Xatırladaq ki, Yenicag.az-da vurğulanan ərazidə qanunsuz həyət evlərinin tikintisi ilə bağlı bir neçə material dərc olunub və bu barədə oxuculara geniş məlumat verilib.
Təbii, dələduzluq maddəsi ilə barəsində 5 il müddətinə şərti cəza hökmü çıxarılan Seymur Məmmədovun Sumqayıt Bulvar İdarəsinə direktor təyin edilməsinin necə baş tutduğu hər kəs üçün maraqlıdır. Mövzuya dair iddialarda bu suala da cavab verilir. Bildirilir ki, Seymur Məmmədov bu “baryer”i həmyerlisi və yaxın adamı sayıldığı Sumqayıt şəhər icra hakimiyyətinin başçısı Zakir Fərəcovun dəstəyi sayəsində aşıb.
Mövzunu davam etdirəcəyik.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.