“Dəli Kür”ün Mələyi: “Bu itki həyatımı alt-üst etdi”

“O kişilərin kişisi idi. Hər qadının arzusu idi ki, Yusif Vəliyev kimi bir kişi ilə ailə həyatı qursun. Buna görə xoşbəxt qadınam. Nəinki doğum günlərimdə, həmişə məni çiçək yağışına tutardı. Bu gün onun üçün çox darıxıram”.

Bunu Azərbaycan kinosunda bənzərsiz obrazlar yaradan, yaddaşlarda isə daha çox “Dəli Kür”ün Mələyi kimi qalan Əməkdar artist, tanınmış aktrisa Zemfira Sadıqova doğum günü ilə bağlı təəssürütlarını bölüşərkən Yenicag.az-a açıqlamasında deyib.

Aktrisa doğum günündə həyatının ən ağır itkisindən də danışaraq kövrəlib:

“Ötən il oğlum qəfildən koronavirusdan dünyasını dəyişdi. Ana üçün övlad itkisi qədər ağır dərd ola bilməz. Onun xiffətini çox çəkirəm. Bu itki həyatımı alt-üst etdi, heç cürə özümə gələ bilmirəm”.

Əməkdar artist arzuladığı, amma hələ oynamadığı rollardan da danışıb:

“Mənə hansı rolları veriblərsə, onu da oynamışam. Təbii ki, hər aktrisanın arzuladığı, amma oynamadığı rollar var. Mənim də arzularım olub, amma reallaşmayıb. Sınaq çəkilişlərindən uğurla keçsəm də məni sonradan filmə çəkmirdilər. Xüsusən də həyat yoldaşım Yusif dünyasını dəyişəndən sonra sərt münasibətlə qarşılaşdım. Amma “bu rolu mənə verin”, – deyə heç vaxt kiməsə ağız açmamışam. Xarakterim buna imkan verməyib. Fəxr edirəm ki, hamının yanında alnım açıq, üzüm ağ olub”.

Cəvahir