Azərbaycanlı aktyor Namiq Rüstəmxanlının çəkildiyi “Dəlilər – Fatihin fərmanı” filmi təqdim olunub.
Yenicag.az xəbər verir ki, TÜİB və ATEV-in təşkilatçılığı, “Yeni Çağ” Media Qrupunun media dəstəyi ilə təşkil olunan film seansında Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral, xalq şairi Sabir Rüstəmxanlı, Azərbaycan-Türkiyə Evi və Azəri Türk Qadınlar Burliyinin sədri Tənzilə Rüstəmxanlı, TÜİB sədri Hüseyin Büyükfırat, iş xanımı Məlahət Qurbanova, media mənsubları, iş adamları, ictimaiyyət nümayəndələri iştirak edib.
Osman Kayanın rejissor yozumunda ərsəyə gələn filmin ssenarisi Mustafa Burak Doğu və İbrahim Ethem Arslana məxsusdur. Filmdə həmçinin Kamil Gülər, Batın Uçan, Serhat Şahin, Mehmet Ali Karakuş, Mehmet Pala, Hakan Yufkacıgil, Berat Efe Parlar, Rüzgar Aksoy, Gökçe Özyol, Demet Tubncer və başqaları rol alıb.
Qeyd edək ki, Türkiyədə “Angel Yapım” şirkətinin istehsalı olan film ən iribüdcəli ekran işi sayılır.
Möhtəşəm səhnələrin yer aldığı film 15-ci əsrdə Fateh Sultan Mehmetin Eflak Voyvodalığına təyin etdiyi Vlad Tepeşin xalqa etdiyi zülmdən bəhs edir.
Fatih bu zülmə son vermək üçün Baba Sultana əmr verir. Baba Sultan “Dəlilər Birliyi” nin ən cəsur igidlərdən yeddisini Vladın hökm sürdüyü Targoviçdeye göndərir. Bu yeddi qəhrəman: Gökkurt, Aşkar, Mübariz, Çebi, Suskun, Kongar və Adsızdır. Filmdə Mübariz obrazını azərbaycanlı aktyor Namiq Rüstəmxanlı canlandırıb.
Qeyd edək ki, film hər gün “CinemaPlus” kinozallarında göstərilməkdədir.
Cəvahir