Delimitasiya və demarkasiya işlərinin GEDİŞATI: “Daha çox ərazi itirmək istəməyən İrəvan…”

“1979-cu il xəritələri deyəndə daha çox 1976-cı il topoqrafik xəritəsi nəzərdə tutulur”.

Bunu Azərbaycanla Ermənistan arasında aparılan delimitasiya və demarkasiya işlərinin hazırkı vəziyyətindən danışan politoloq Elşən İsmayılzadə Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, Azərbaycanla Ermənistan arasında aparılan delimitasiya və demarkasiya işlərində bir sıra ərazilər müzakirə predmeti sayılır:

“Belə ki, həmin dövrdə SSRİ qardaşlıq dəstəyi olaraq Azərbaycan ərazilərindən Ermənistana örüş və otlaq sahələri pay verib. Bu isə bizim üçün qəbuledilməzdir. Sözügedən ərazilərin qaytarılması mütləqdir. Hazırda Azərbaycanın xeyrinə proseslərin baş verdiyi müşahidə edilir. Lakin bunu indiki dövrdə nə Ermənistan, nə də Azərbaycan açıqlamalıdır. Prosesin gedişi gözlənilməlidir.

Azərbaycan qalib dövlət olaraq Ermənistanın qarşısına bir sıra tələblər qoydu. Bunlardan biri də delimitasiya ilə bağlı idi. Belə ki, Ermənistana ya 1918, ya da 1976-1979 xəritələri əsasında sərhədlərin müəyyənləşdirilməsi üzrə iki seçim qoyuldu. Daha çox ərazi itirmək istəməyən İrəvan isə məcburi şəkildə ikinci seçimi məqsədəuyğun bildi.

1979-cu il xəritələri deyəndə daha çox 1976-cı il topoqrafik xəritəsi nəzərdə tutulur. Bu da həmin illərin xəritələrində oxşarlıqlar olmasına dəlalət edir. İşlər tam olaraq Azərbaycanın maraqlarına uyğun şəkildə davam edir”.

Nəsimi Ələsgərli