Dəliyə yel ver, əlinə bel ver: Tramp bizi ağ günə ÇIXARACAQ? – Rəfi Müslümov yazır

Bütün dünya Donald Trampın ABŞ-nin 47-ci prezidenti olmasından sonra onun planetdə uzunmüddətli sülhü təmin edəcəyinə saf şəkildə inanır. Mən isə bu məsələdə bir az fərqli yanaşıram. ABŞ ziddiyyətlər ölkəsidir. ABŞ dünyanı baş-ayaq edən, imperiya ambisiyaları üçün əlindən gələni ardına qoymayan, kiçik ölkələrdə böyük fəlakətlər törədən bir dövlətdir.

Bir az tarixə ekskurs edək: Yer planeti XX əsrdə iki böyük dünya savaşı görüb. Hər iki savaşdan da ABŞ külli miqdarda vəsait qazanıb. Hələ İkinci Dünya savaşından sonra yaranmış siyasi nizam ABŞ-nin əlinə o qədər oynayıb ki, “Marşall” planını Qərbi Avropa başda olmaqla bir çox müharibədən əziyyət çəkən ölkələrdə həyata keçirib. Doğrudur, bu gün Qərbi Avropa, Cənubi Koreya və ABŞ-nin müttəfiqi olan bəzi dövlətlərdəki həyat standartları çox yaxşı olsa da, bütün bunlar bu ölkələrin Amerikanın boyunduruğunda olması reallığını dəyişdirmir.

İndi isə gələk Donald Con Trampa. Adam 2016-2021-ci illərdə ABŞ-yə rəhbərlik edəndə məgər dünyada sakitlik idi? İranı daha çox sıxışdıran, Yaxın Şərqdə hərbi toqquşmalar yaradan, eləcə də Çinə qarşı amansız sanksiyalar həyata keçirən məgər Tramp deyildi? Keçənə güzəşt deyərlər, çünki Bayden və demokratlar da bu 4 ildə normal bir əməli ilə yadda qalmadılar. Ukrayna savaşı, İsrailin Qəzzada törətdiyi fəlakətlər, pandemiya, Tayvanın qızışdırılması və ən nəhayət, Rusiyanın “arxa bağçası” olan Cənubi Qafqaza müdaxilələr də məhz Baydenin dövründə olub.

Amerikanı 1776-cı ildə quranlar Böyük Britaniyadan Şimali Amerika qitəsinə sürgün edilmiş soyğunçu, quldur, başkəsən və digər cinayətkar şəxslər olub. Bu ölkənin mümkün təməlləri də məhz bu şəxslərin əli ilə atılıbsa, indi Birləşmiş Ştatların dünyada sülhü bərqərar edəcəyinə hansı biriniz safcasına inana bilərsiniz? Tramp və onun ətrafında olan multimilyarderlərin, sözsüz ki, 4 illik planları mövcuddur. İlon Mask, Cef Bezos, Mark Zukerberq kimi milyarderlərin ümumi məbləği 1 trilyon dollara yaxındır. Bunların başında duran şəxs isə İlon Maskdır. Mask ilk gündən Trampa arxa-dayaq duraraq, onun özünə yel, əlinə bel verdi ki, get. Tramp bəs nə etdi? Arxasına bütün gücləri alaraq qlobalistləri tamamilə məğlub edib yeni dünya nizamını məhz özünün yazacağını bəyan etdi.

Mənə elə gəlir ki, istər Tramp, istərsə də qeyri-Tramp olsun, ABŞ bir dövlət olaraq siyasi xəttini çoxdan cızıb və bu xətlə də irəliləyir. Bu gün ABŞ-nin, başda Tramp hakimiyyətinin əsas məqsədi nəyin bahasına olursa olsun, Rusiyanı məhv edib parçalamaqdır. Çayxana politikası stilində desək, “hamısının başında Amerika dayanır” ifadəsi, əslində, heç də yalan deyil. Çünki post-Putin dövrünün Rusiya üçün ağır keçəcəyi bəllidir. Qərb mətbuatı Aleksey Dumini onun varisi saysa da, hesab edirəm ki, Dumin kimi istədiyini qoparan siyasətçi belə Putin qədər sərt ritorika ilə Rusiyanı idarə edə bilməyəcək. İndi Tramp və ondan sonra gələcəklərin də planı Rusiyanı, loru dildə desək, böyrü üstə qoyub param-parça etməkdir.

Uzun sözün qısası, bəzi politoloqlarımız və çayxana siyasətçilərinin durub Trampı tərifləməsi məni həqiqətən də cırnadır. Bir şeyi anlamalıyıq ki, bu adamdan nəinki Azərbaycana, heç dünyaya da xeyir gəlməyəcək. O dəfə dediyim kimi, Tramp nə isə edəcək, amma bu “nə isə”lər çox pis olacaq. Demədi deməyin…