Demokratik idarəçilikdə vətəndaşların birləşməsi: “Bu addım cəmiyyətin inkişafında təməl rolunu oynayır”

Azərbaycan müstəqillik qazandıqdan sonra Azərbaycanda hüquqi dövlətin, vətəndaş cəmiyyətinin yaranması istiqamətində illərdir dövlət tərəfindən müvafiq addımlar atılır. Amma sözügedən proses heç də sadə olmayıb. Çünki müstəqilliyinin ilk illərində Azərbaycan öz tarixinin ən mürəkkəb dövrlərindən birini yaşayıb.

Demokratik dövlətlərin inkişaf təcrübəsi və ölkəmizin keçdiyi yol bir daha göstərir ki, vətəndaş cəmiyyətinin söykəndiyi əsas prinsiplərdən biri insan-vətəndaş hüquqlarının və azadlıqlarının təminatıdır. İnsan və vətəndaş hüquqları və azadlıqları təmin edilmədən nə vətəndaş cəmiyyəti, nə də hüquqi dövlət formalaşdırmaq mümkündür. Cəmiyyətdə hüquqların təminatçısı dövlətdir. Dövlət bu hüquqları təmin etməklə özünün həm də qoruduğu əsas dəyərləri göstərir.

Məsələ ilə bağlı Yenicag.az-a açıqlamasında Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyinin sədri Fuad Hüseynzadə bildirib ki, demokratik dövlətin əsas prioriteti vətəndaş cəmiyyətinin qurulmasıdır:

“Bu, eyni zamanda, demokratik idarəçilikdə vətəndaşların birləşməsi deməkdir. Demokratiyanın özülünü təşkil edən birgə fəaliyyət vətəndaş cəmiyyətinin inkişafına xidmət edir. İnsanları birləşdirən fəaliyyət sistemi isə əsasən, vətəndaş cəmiyyəti institutlarıdır. Demokratik cəmiyyətin inkişafında vətəndaş cəmiyyəti institutları aparıcı rol oynayır. Hətta bunlar bir çox hallarda cəmiyyəti düzgün yola istiqamətləndirirlər. Bu işin ilk baxışda çətinliyi təmənnasız, könüllü fəaliyyət olmasıdır. Amma məsuliyyəti və özəlliyi ondan ibarətdir ki, sən cəmiyyətin işinə, yaxşı mənada, müdaxilə edirsən”.

Onun sözlərinə görə. Azərbaycanda vətəndaş cəmiyyətinin formalaşması, hüquqi dövlət quruculuğu müstəqilliyin bərpa edilməsindən ötən 33 il ərzində davamlı olaraq həyata keçirilib:

“Bu illər ərzində demokratik quruluşu əsas prioritet seçən Azərbaycan dövlətinin demokratik prinsiplərin ən vaciblərindən olan vətəndaş cəmiyyətinin inkişafı istiqamətində gördüyü işlərin nəticəsi olaraq, bu gün ölkədə kifayət qədər təşkilatlanmış, hökuməti cəmiyyətin xeyrinə qərarlar qəbul etməyə təhrik etməyə gücü olan vətəndaş cəmiyyəti mövcuddur”.

QHT sədri əlavə edib ki, vətəndaş cəmiyyəti siyasi yardımın təmin edilməsində, yeni təşəbbüslərin izlənməsində və hökumətlərin ictimaiyyətə hesabat vermə cavabdehliyinin təmin edilməsində mühüm rol oynayır ki, bu da qanunun aliliyi, hüquqi dövlətin yaradılması və insanların qanun qarşısında bərabərliyi məqsədini daşıyır:

“Bu səbəbdən də, hüquqi dövlət quruculuğundan vətəndaş cəmiyyətinin rolu danılmazdır. Ölkəmizdə vətəndaş cəmiyyətinin özəyi olan QHT sektorunun əsaslı sürətdə formalaşması və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin fəaliyyəti dövlətin bu sektora xüsusi diqqət göstərməsinin bariz nümunəsidir. Bu da cəmiyyətin hüquqi dövlət quruculuğunda rolunu əhəmiyyətli sürətdə artırıb. Bununla yanaşı, Azərbaycanda hüquqi dövlətin yaradılması istiqamətində görülən işlərlə ölkədə hüquqi bərabərliyin yaradılması, insan hüquqlarının qorunması, demokratiyanın bərqərar olması kimi hüquqi dövlətin əsas prinsipləri təmin edilib. Hazırda, ölkənin qanunverici orqanında qəbul edilən qanunlar, bu qanunlarda vətəndaş faktorunun xüsusi çəkiyə malik olması, həmçinin qanun layihələrinin hazırlanması və bu işdə vətəndaş cəmiyyətinin xüsusi təşəbbüslərlə çıxış etməsi də hüquqi dövlət quruculuğunda atılan addımlardandır”.

F. Hüseynzadəyə görə, bu prosesin dövlət və vətəndaş cəmiyyəti tərəfindən həyata keçirilməsi işi kifayət qədər əsaslı sürətdə qurulması məsələsi mövcud olub:

“Sözügedən prosesin ictimaiyyətə açıqlanması, ictimai düşüncənin qəbul edə biləcəyi formada təhlili, bu məsələdə baş verən yeniliklərin cəmiyyətə çatdırılması vacib amillərdəndir. Burada da KİV-in üzərinə böyük iş düşür. Azərbaycan Prezidenti İlham Əliyevin vətəndaş cəmiyyəti və hüquqi dövlət quruculuğuna verdiyi qiymət və bu istiqamətdə həyata keçirdiyi işlər də sözügedən məsələnin təbliğini zəruri edən amildir. Bu prosesdə həyata keçirilən işləri təbliğ etmək, ictimaiyyəti məlumatlandırmaq, cəmiyyətin hüquqi maarifçiliyini artırmaq önəmlidir. Belə olan halda, vətəndaş cəmiyyəti və hüquqi dövlət quruculuğu prosesini yaxından izləməklə, ictimaiyyətin bu istiqamətdə həyata keçirilən işlərlə bağlı informasiya ilə təmin ediləcək. Həmçinin cəmiyyətin diqqətini dövlət quruculuğuna yönəltməklə, vətəndaşların demokratik cəmiyyətin formalaşmasında aktiv iştirakına nail olmaq üçün vətəndaş cəmiyyəti və hüquqi dövlət quruculuğu təbliğ ediləcək”.

Politoloq Züriyə Qarayeva isə deyir ki, demokratik cəmiyyətlərdə vətəndaş cəmiyyətləri strukturları hər zaman prioritet olan qurumlardan biridir:

“Məlum məsələdir ki, demokratiyanın, açıq fikrin və sərbəst toplaşma azadlığının əsas təzahürlərindən biri elə vətəndaş cəmiyyəti quruluşlarının formalaşdırılması, sərbəst fəaliyyət prinsiplərinin yaradılması dövlət tərəfindən buna təminatın verilməsidir. Bu, dünyada da demokratik prinsipləri təsbit edən əsas istiqamətlərdən biridir və tarixi də olduqca, qədimidir. Məlum olduğu kimi, Aristotel, Platon, Siseron və digər Yunan-Roma mütəfəkkirlərinin tədqiqatlarında, əsərlərində biz hər zaman vətəndaş cəmiyyəti strukturlarının mövcudluğuna işarələrin şahidi olmuşuq. Yəni qədim demokratiya dönəmindən belə sözügedən strukturların mövcudluğuna şərait yaradılıb”.

Siyasi şərhçinin fikrincə, hazırda da dəyişən dünya gündəmi və geosiyasi reallıqlar kontekstində hər zaman stabil qalan istiqamətlərdən birini Qeyri-Hökumət Təşkilatları, vətəndaş cəmiyyəti strukturları tutur:

“Əlbəttə ki, Azərbaycan da hər zaman bu istiqamətdə 1993-cü ildən bəri, xüsusən də hüquqi dövlət quruculuğunun formalaşması istiqamətində ölkəmizdə vətəndaş cəmiyyətinin formalaşmasına, onun strukturlarının azad fəaliyyətinin yaradılmasına təkan verilmişdir”.

O, tarixə ekskurs edərək xatırladıb ki, Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildən bəri başlatdığı bu siyasət, ümumilikdə, demokratik və müstəqil vətəndaş cəmiyyətinin formalaşdırılması istiqamətində atılan addımlardır:

“İndiki mərhələdə vətəndaş cəmiyyəti strukturlarının yüksək səviyyədə inkişaf etdirilməsində bu addım bir təməl rolunu oynayıb. Ardınca, cənab İlham Əliyevin sözügedən siyasi xətti uğurla davam etidrməsi məhz müvafiq istiqamətdə inkişafın əldə olunmasına gətirib çıxarmışdı. Elə QHT-lərə Dövlət Dəstəyi Agentliyinin yaradılması da bu siyasətin tərkib hissəsidir. Eləcə də QHT forumlarının keçirilməsi də bu sahəyə verilən dəstəyin təzahürüdür. Nəzərə alsaq ki, bu gün Azərbaycanda 3 mindən çox QHT qeydiyyatdan keçib, artıq bu rəqəm özü-özlüyündə müvafiq istiqamətdə nə dərəcədə perspektivlərin yaradıldığının və bu təşkilatlara qanunlar çərçivəsində fəaliyyət göstərməsi üçün təminatın verildiyinin göstəricisidir”.

Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu” mövzusunda hazırlanıb.

Rafi Müslümov

COP29