Nazirlər Kabineti yanında Operativ Qərargahının verdiyi qərara görə, avqustun 5-dən etibarən, Ekologiya və Təbii Sərvətlər (ETSN) və Fövqəladə Hallar (FHN) nazirlikləri ilə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən karantin rejiminin tələblərinə uyğun müəyyən edilən qaydalar çərçivəsində ölkə üzrə çimərliklərin istifadəsinə icazə verilir.
Bakının bəzi çimərliklərinə baş çəkən Yenicag.az-ın əməkdaşları Operativ Qərargahın yuxarıda qeyd olunan qərarının icrasını müşahidə ediblər.
Müşahidəyə əsasən, istifadəyə veriləcək çimərliklərdə artıq hazırlıq işləri tam yekunlaşıb. İnsanların iki metrlik sosial məsafəni gözləmək şərtilə, tək və ailə üzvləri ilə birlikdə əyləşəcəkləri yerlər xüsusi iplər və digər vasitələrlə müəyyən edilib, xəbərdarlıq lövhələri qoyulub.
Ərazidə xidməti vəzifələrini yerinə yetirən FHN əməkdaşları ilə söhbət zamanı məlum olub ki, çimərliyə icazə verilən yerlərdə suyun içərisi və sahil zibillərdən təmizlənib. Bundan əlavə, çimərliyə gələnlərin sahildən uzaqlaşa biləcəkləri maksimum məsafə də işarələnib.
Səxavət Məmməd