Deputat: “Azərbaycana çatanda Avropanın hüquq sistemi niyə çökür?”

“Avropa İnsan Haqları Məhkəməsinin bu məsələ ilə bağlı çox ciddi mövqeyi var. Bəs Azərbaycana çatanda Avropanın hüquq sistemi niyə çökür?”

Yenicag.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Bəhruz Məhərrəmov parlamentin dekabrın 27-də keçirilən plenar iclasında çıxışı zamanı deyib.

Şuşadan keçən Xankəndi-Laçın yolunda dinc aksiyada göstərdikləri əzmə görə iştirakçılara təşəkkür edən deputat bildirib ki, Azərbaycan Konstitusiyasının müvafiq maddələrinə əsasən, təbii ehtiyatlar ölkəyə mənsubdur: “Ətraf mühitə, təbii ehtiyatlara qanunla müəyyən edilmiş hədlərdən artıq təhlükə törədilə, zərər vurula bilməz və hər kəsin ətraf mühitin əsl vəziyyəti haqqında məlumat toplamaq hüququ var. Azərbaycan sərvətlərinin təbiətə bərpası mümkün olmayan zərərlərlə müşahidə olunan talanı Cinayət Məcəlləsin 28-ci fəsili üzrə ən azı 8 maddə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərini əhatə edir: “Ortada cinayətlərin, o cümlədən beynəlxalq cinayətlərin məcmusu var. Avropa İnsan Haqları Məhkəməsinin bu məsələ ilə bağlı çox ciddi mövqeyi var. Bəs Azərbaycana çatanda Avropanın hüquq sistemi niyə çökür? Avropa Məhkəməsinin presedentləri, yaxud məhkəmə təcrübəsi hara gedir? Axı bu qərarlar uzaqda yox, elə Strasburqda qəbul olunub, Fransanın bundan xəbəri yoxdurmu? Əlbəttə, var”.

B.Məhərrəmov vurğulayıb ki, Fransanın məqsədləri aydındır: “Fransanı hansısa erməni maraqlandırmır. Fransa Azərbaycanın çoxsaylı obyektlərində inhisarçıya çevrilmək, Azərbaycanın milli təhlükəsizliyində imperialistcəsinə rol almaq niyyəti ilə hücuma keçmişdi, Makron reket kimi davranmaq istəyirdi ki, Azərbaycan Prezidenti ona yerini göstərdi. Çünki Prezident İlham Əliyev özü bu gün qlobal siyasətin mərkəzi oyunçularındadır və onun sayəsində Azərbaycan böyük mərkəzlərə “dur” deyə biləcək gücə və müstəqilliyə sahibdir. Yəni bu gün Fransanı qəzəbləndirən Parisin özünün “ova gedərkən İlham Əliyev tərəfindən ovlanmasıdır. Vətəndaşlarımız prosesə açıq gözlə baxsınlar, necə oldu həm İran, həm də ölkə daxilindəki antimilli düşərgə məhz bu aralar aktivləşib? Çox sadə! Fransanın İran kartı fiaskoya uğradıqdan sonra indi də Azərbaycan siyasi sistemindəki 5-ci kolonunu işə salıb, amma bunlar da zatən siyasi cəhətdən bitdiyi üçün addımlar effektiv deyil. Heç kim Azərbaycanı dayandıra, Prezident İlham Əliyevin iradəsinə təsir edə bilmədi və dövlət başçısının da dediyi kimi, “zənglər ola bilər, hansısa bəyanatlar ola bilər, onlara əhəmiyyət vermək lazım deyil, mövqeyimizi zərrə qədər dəyişməyəcək. Əksinə, indi hədəfimizdə Qərbi Azərbaycandan olan soydaşlarımızın öz ata-baba yurdlarına, sülh yolu ilə, beynəlxalq konvensiyalara uyğun dönüşü dayanır. Əminliklə deyə bilərik ki, Prezident İlham Əliyevin bu layihəsi Azərbaycanın hücum siyasəti doktrinasının qızıl səhifələrindən biri kimi yadda qalacaq, əhəmiyyətcə Vətən müharibəsindəki Zəfərimiz qədər önəmli hadisə kimi tarixə düşəcək”.