Deputat: “Füzuli işğaldan azad edilmiş ərazilərdə ən böyük şəhərlərdən biri olacaq”

Yenicag.az Milli Məclisin deputatı Ramid Namazovun “Füzulinin qürurlu Günü” yazısını təqdim edir:

“Dahi Azərbaycan şairi Məhəmməd Füzulinin adını daşıyan bu gözəl diyarımız Qarabağ dağ silsiləsinin cənub-şərq ətəklərindən Araz çayına qədər olan əraziləri əhatə edən Cəbrayıl, Xocavənd, Ağcabədi, Beyləqan və Araz çayı boyunca İranla həmsərhəddir.

44 günlük Vətən müharibəsinin 21-ci günü – 2020-ci il oktyabrın 17-si müasir tariximizə Füzuli şəhərinin və ətraf kəndlərin erməni işğalından azad edildiyi gün kimi yazılıb. Cənab Prezident İlham Əliyevin 2023-cü il 31 iyul tarixli 4013 nömrəli Sərəncamı ilə Füzuli şəhərinin işğaldan azad edildiyi gün – Füzuli şəhəri günü kimi qeyd olunur.

2003‒2020-ci illərdə dövlət başçısının Füzuliyə 12 səfəri olmuş, son dörd il ərzində isə bu rəqəm 21-ə çatmışdır. Bu, Füzuliyə və orada aparılan nəhəng quruculuğa xüsusi diqqətin göstəricisi hesab edilə bilər. Cənab Prezident orada aparılan böyük quruculuq işləri ilə Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan və Belarusdan olan həmkarlarını şəxsən tanış etmişdir.

Füzulidə Qardaş Özbəkistan tərəfindən hədiyyə olaraq inşa edilmiş Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəb və Qazaxıstanın qardaş hədiyyəsi olan Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi ölkələrimiz arasında sarsılmaz dostluq əlaqələrinin rəmzinə çevrilmişdir.

2020-ci il Vətən müharibəsində Ordumuzun Cəbrayıl və Hadrutdan sonra işğaldan azad etdiyi üçüncü mərkəzi yaşayış məntəqəsi olmasına baxmayaraq, Füzuli cənub-şərq cəbhəsində hərbi əməliyyatların ilk döyüş meydanı olub, Azərbaycan Silahlı Qüvvələri Ermənistanın 30 il ərzində qurduğu güclü müdafiə xəttini, keçilməz səddə çevirdiyi istehkamları məhz bu nöqtələrdən yararaq düşmənə ağır zərbələr vurub. Füzulinin azad edilməsindən sonra Ordumuzun Şuşa istiqamətində irəliləməsi üçün geniş imkanlar açılıb.

Füzuli rayonunun hələ işğal dövründə bizim nəzarətimizdə olan kəndləri və Horadiz şəhəri daim diqqət və qayğı ilə əhatə olunub. 1996-cı ildən başlayaraq rayonun həmin ərazilərində infrastrukturun bərpasına başlanılıb, təhsil, səhiyyə və mədəniyyət müəssisələri, yollar, körpülər, elektrik və suvarma sistemləri tikilib və bərpa olunub. Ərazidə məskunlaşmış 70 min nəfər əhalinin elektrik enerjisi, su, qaz, yol və başqa məişət qayğıları həll edilib. 24 məktəb, 2 xəstəxana, Olimpiya idman kompleksi, Gənclər Mərkəzi, Tarix Diyarşünaslıq Muzeyi, Muğam Mərkəzi tikilərək istifadəyə verilib. Prezident İlham Əliyevin sərəncamları ilə rayonun bu ərazilərində 16 qəsəbə salınıb. Horadiz qəsəbəsinə şəhər statusu verilib, işğal nəticəsində dağıdılmış minlərlə ev bərpa edilib.

Füzuli rayonu işğaldan azad edildikdən dərhal sonra cənab Prezident bərpa və quruculuq işlərinin genişmiqyaslı mərhələsinə start verdi, demək olar ki, yer üzündən silinmiş bu rayonda hər şey sıfırdan başlandı. Urbisidə məruz qalmış Füzulini o vaxt azad edən qəhrəman əsgər və zabitlərimiz müqəddəs bayrağımızı sancmağa salamat bina tapa bilmirdi. Cənab Prezident İlham Əliyevin qeyd etdiyi kimi, sanki buraları vəhşi bir qəbilə zəbt etmişdi.

44 günlük Vətən müharibəsi bitdikdən bir neçə gün sonra, noyabrın 16-da dövlət başçısı və birinci xanım, çox hörmətli Mehriban xanım Əliyevanın ilk səfər etdikləri rayonlar Füzuli və Cəbrayıl olmuşdu. Ali Baş Komandan tərəfindən Azərbaycan bayrağı ilk dəfə məhz burada ucaldılmışdır. Dövlət başçısının imzaladığı müvafiq sərəncamlara əsasən, minlərlə hərbi qulluqçumuz “Füzulinin azad olunmasına görə” medalı ilə təltif edilmişdirlər.

Cənab Prezident 2021-ci il yanvarın 14-də Füzuli-Şuşa yolunun, həmçinin Füzuli rayonunda beynəlxalq hava limanının təməllərini qoyub. Cənab Prezident Ağdam- Xankəndi-Şuşa magistral yolunun inşa ediləcəyinin də anonsunu verərək qanunsuz xuntanın son yuvası olan Xankəndinin və digər ərazilərin də azad ediləcəyi günün uzaqda olmağını bildirirdi.

Ötən dövr ərzində heç bir adi infrastrukturu olmayan dağıdılmış bir ərazidə ən müasir standartlara cavab verən unikal layihələrin, o cümlədən Füzuli Beynəlxalq Hava limanının, nəhəng yol infrastrukturunun, elektrik stansiyalarının, iaşə obyektlərinin, səhiyyə və təhsil ocaqlarının inşası, yeni yaşayış məntəqələrinin salınması və sair layihələr Azərbaycan dövlətinin iqtisadi qüdrətini, Prezident İlham Əliyevin möhkəm siyasi iradəsini və uzaqgörən strateji baxışını nümayiş etdirir.

Müasir standartlara və memarlıq xüsusiyyətlərinə uyğun inşa ediləcək Füzuli işğaldan azad edilmiş ərazilərdə ən böyük şəhərlərdən biri olacaqdır”.

COP29