“Danışığa görə kimisə cərimələmək olmaz. Əhalinin 80 faiz işlətdiyi söz var ki, onlar dövlət dili ilə düz gəlmir”.
Yenicag.az xəbər verir ki, bunu deputat Tahir Kərimli Milli Məclisdə çıxış edərkən deyib.
O bildirib ki, insanları hər şeyə görə cəzalandırmaq olar, amma danışığa görə cəzalandırmaq olmaz:
“Bu qanunun işləməməsi qorxusu məndə var. Böyük vəzifəli şəxslərimiz var ki, dövlət dilində yaxşı danışa bilmir. Onu necə cəzalandıracaqlar?!
Azərbaycan dövlət dilinə təsir edən ümumi aktlar var. Bizim ədəbi dilimiz dəyişmir. Azərbaycan dilinin yazısı ilə bağlı heç bir problem yoxdur. 18 il əvvəl qəbul edilən “Dövlət dili haqqında” qanunda düzəlişlərə ehtiyac var. Cənubi Azərbaycandan olan soydaşlarımızın da hüquqları burada nəzərə alınmalıdır. Digər tərəfdən bütün bölgələrdə hansı şivədə və dialektdə danışmasından asılı olmayaraq, Azərbaycan dilində danışırlar. Ancaq dilə, mədəniyyətə görə cərimə etməyi mən düzgün hesab etmirəm. Bizim məmurumuz Azərbaycan dövlət dilini bilmirsə, rusca danışsın”.
Deputat Qüdrət Həsənquliyev deputata cavab olaraq bildirib ki, burada söhbət şivədən, dialektdən getmir: “Bəzən bizim televiziyalarda tərbiyəsiz adamlar efirə daxil olur. Adam ailəsi ilə efirə baxır. Bu zaman həmin şəxslər jarqonlardan, aşağılayıcı ifadələrdən istifadə edirlər. Bu qanun da onunla bağlıdır”./Qafqazinfo/