Dəfələrlə tədbirlərin görülməsinə baxmayaraq, məmur özbaşınalığı, məmurların vətəndaşları aldatması, onların sahibkarlara qan uddurması halları fakt olaraq qalır, bunu aradan qaldırmaq mümkün olmur. Azərbaycan prezidenti İlham Əliyev onlara hər dəfə barmaq silkələsə də, onlar öz bildiklərini edirlər. Xüsusilə, məmurların sahibkarların fəaliyyətinə ciddi şəkildə müdaxiləsi, məmurların onların biznesini məhv etməsi nəticəsində neçə-neçə müəssisələrin bağlanılması da faktdır.
Azərbaycan məmurlarından əziyyət çəkənlərlərdən biri də tanınmış iş xanımı Məlahət Qurbanovadır. Belə ki, hələ manat devalvasiyaya uğramadan əvvəl deputat nişanı daşıyan Rafael Cəbrayılov ondan bir neçə yüz min manat pul götürüb. Ancaq Rafael Cəbrayılov bu borcu inkar edib, bunu boynundan ataraq, pulun ona aidiyyatı olmadığını, kiminsə onun adından sui-istifadə etdiyini bildirib. Daha sonra isə Rafael Cəbrayılov manat iki dəfə devalvasiyaya uğradıqdan sonra borcun ona aid olduğunu öz boynuna alaraq, pulu yenə də manatla qaytaracağına söz verib.
Aldığımız məlumata görə, bu prosesdə Rafael Cəbrayılov götürdüyü öhdəlikləri yerinə yetirməsə də, həmin pul dəyərdən düşsə də, Məlahət Qurbanova onunla kompromisə getmişdi. Bir il müddətində pulun Məlahət Qurbanovaya qaytarılacağı notarial qaydada təsdiq olunmuşdu. Təəssüf ki, millət vəkili nişanı daşıyan bu şəxs sözünə hələ də əməl etməyib. Artıq üç ilə yaxındır ki, o borc olduğu kimi olaraq qalır.
O pulu bankdan götürdüyü üçün Məlahət Qurbanovanın fəaliyyəti risk altındadır, sahibi olduğu və 100 ildən çox fəaliyyət göstərən müəssisə hər an bağlana bilər. Burada çalışan işçilər işsiz qala bilər. Amma təəssüf ki, bu Rəfael Cəbrayılovu qətiyyən maraqlandırmır, narahat etmir.
Ancaq vədlər verən Rafael Cəbrayılov Məlahət Qurbanovanı aldatmaqda davam edir.
Son olaraq isə girov olaraq qoyduğu mənzillərin satılması gündəmə gələndə isə böyük bir skandal meydana gəlmişdir. Hələlik təfərrüatlarına varmadığımız skandal açıqlanacağı təqdirdə çox ciddi bir şok effekti yaradacağı vurğulanır. O da bildirilir ki, R.Cəbrayılovun əleyhinə çox saylı audio-video çəkilişlər, təkzibedilməz faktlar var. Ancaq buna baxmayaraq, deputat hələ də borcunu qaytarmamaqda israr edir.
Millət vəkili nişanı daşıyan şəxsin bütün siyasi karyerasını bitirəcək addımlarını sadəcə Məlahət Qurbanovaya qarşı atmadığı da bildirilir.
Məlahət Qurbanova isə yaxınlarına bildirib ki, yaxın günlərdə problem həll olunmayacağı təqdirdə, bu məsələ ilə bağlı hər şeyi çılpaqlığı ilə üzə çıxaracaq.