Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Qərbi Azərbaycan İcmasının sədr müavini Ramil Həsən 15 may 2024-cü il tarixində Ucar rayonu Şəhid Sehran Salmanov adına Bağban kənd tam orta məktəbində Bağban, Təzə Şilyan, Yuxarı Şilyan, Boyat, Qazyan, Alpı kənd sakinləri və Ucar rayon mərkəzindən olan seçiciləri ilə görüşüb.
Görüşdə vətəndaşlar tərəfindən Bağban kəndinin elektrik xətlərindəki problemi, tam orta məktəbin əsaslı təmir olunması, işsizlik, sosial problemlərin həlli, müalicə, su və şirə arxlarının qazılması, internet xətlərinin çəkilişinin düzgün layihələndirilməsi, o cümlədən pensiya və əlillik təyinatı ilə bağlı problemlərin həlli kimi məsələlər ən çox səsləndirilən fikirlərdən olub.
Seçicilərin hər birinin arzu və istəkləri, eyni zamanda qaldırmış olduqları problemlər, vətəndaşların hər bir təklif və tələbi millət vəkili Ramil Həsən tərəfindən diqqətlə dinlənilib, qanun çərçivəsində öz həllini tapması üçün müvafiq qurumlara ünvanlanması üçün tapşırıqlar verilib. Görüşdə seçicilərdən bir neçə nəfər artıq həllini tapmış məsələlər və göstərilmiş yardımlarla bağlı deputat Ramil Həsənə dərin təşəkkürlərini ifadə ediblər.
Seçicilərlə görüşdən sonra deputat Ramil Həsən Bərgüşad kəndində şəhid Mehdili Niftalı Qnyaz oğlunun ad günü ilə əlaqədar keçirilmiş mərasimdə, eyni zamanda Boyat kəndində Birinci Qarabağ müharibəsinin şəhidi Məmmədhüseyn Teymurovun atası Heydər Teymurovun yas mərasimində iştirak edib və yaxın qohumları ilə söhbətlər aparıb.
Onu da qeyd edək ki, deputat Ramil Həsən hər ay seçicilərilə görüşür, mütamadi olaraq əlamətdar günlərdə və bayramlarda müxtəlif aksiyalar keçirərək seçicilərinin yanında olur, onların qaldırdıqları problemlər dinlənilir, həlli üçün qanunauyğun müvafiq addımlar atılır.