“Aviasiya haqqında” qanun qəbul edilməmişdən öncə bir qrup deputatı AZAL-a dəvət etdilər. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, eyni zamanda, AZAL rəhbərliyi ilə görüş keçirildi. Hər iki qurumda çalışan şəxslərin intellektual səviyyəsinə şübhə etmirəm, çox ağıllı, intellektual söhbətlər edirdilər. Görüşdə ciddi iradlarımı bildirdim”.
Yenicag.az Pravda-ya istinadla xəbər verir ki, bunu Milli Məclis üzvü Tahir Kərimli deyib.
O əlavə edib: “Məsələn, hesabatlarda yükdaşımalar, xüsusən xarici yükdaşımalar, AZAL-ın inhisarçı mövqeyi haqqında məlumatlar yox idi, ancaq sərnişindaşımalar haqqında məlumat var idi. Biletlərin baha olması ilə bağlı da iradımı bildirdim. Bircə kəlimə dedim ki, “26 komissar” filmində deyildiyi kimi, çörək olacaq, ya olmayacaq? Siz də bir kəlimə deyin ki, qiymət aşağı düşəcək, ya yox? Əlbəttə ki, qeyri-müəyyən cavab aldım.
Sonra başqa narazılıqlarımı “Aviasiya haqqında” qanun Milli Məclisdə müzakirə olunan zaman bildirdim. Xüsusən, qanunvericilikdə edilən dəyişiklik nəticəsində pilotların pensiyaya çıxandan sonra hüquqlarının zəiflədilməsi ilə bağlı. Pilotların yaş həddi artırıldı, uçuş sayları nəzərdən qaçırıldı. Bu da ciddi problemlər yaratdı. Elə insanlar var ki, pensiya yaşına çatmamış uçuşları tamamlanmır, pensiyadan məhrum olurlar. Halbuki onlar Pensiya Fonduna yüksək məbləğdə pul keçirirlər”.
“Belə baxanda, nə AZAL-ın qiymətlərində dəyişiklik var, nə də pilotların pensiya hüquqlarının təmin olunmasında. Təbii ki, AZAL düzəlməsə, mən necə onların işindən razı ola bilərəm? Dəfələrlə bildirdik, nəticə yoxdur. Yenə də ümidlə yanaşıram. “Köhnə hamam, köhnə tas” olacaqdısa, axı rəhbəri dəyişməyin nə mənası var idi? Kor kor, gör gör… Dəfələrlə deyilib ki, qonşu dövlətlərdə, Qafqaz dövlətlərində uçuşlar bizdən qat-qat ucuz başa gəlir. Camaat təyyarədən istifadə edə bilmir, buna görə də narazılıqlar yerindədir. Sosial şəbəkələrdə AZAL barədə kütləvi şəkildə narazılıqları əsaslı sayıram.
Hesab edirəm, AZAL rəhbərliyi, eyni zamanda Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi bu barədə çox ciddi düşünməli, dəyişikliklər aparmalıdır, yoxsa bu məsələlər dərinləşə bilər. Alternativ uçuş şirkətləri yaradılmalı, AZAL-ın inhisarına son qoyulmalıdır. Qiyməti ancaq bir şirkət diktə edəcəksə, hansı bazar iqtisadiyyatından, azad rəqabətdən danışmaq olar? Mən AZAL-ın keçmiş rəhbərindən hədsiz dərəcədə narazı idim. Dəfələrlə çıxışımda demişdim. İnsan kimi də, idarəedici kimi də çox eqoist, monopolist bir adam idi. Amma indiki rəhbərliyin yumşaq, insanpərvər siyasətini görürəm. Qoy, bunu işdə də sübut etsinlər”.