“Vətən müharibəsində olduğu kimi, Böyük Qayıdışda da bir millət kimi hərəkət etmək önəmlidir”.
Yenicag.az xəbər verir ki, bu sözləri xaricdə yaşayan azərbaycanlı milyonçuların Qarabağda investisiya yatırımındakı rolunu dəyərləndirən deputat Zahid Oruc deyib.
Onun sözlərinə görə, xaricdə yaşayan azərbaycanlı iş adamlarının işğaldan azad olunmuş torpaqlarımıza humanitar yardım deyil, öz biznes maraqlarına sərmayə qoymaması narahatedici amil olmalıdır:
“Maraqlıdır ki, azərbaycanlı milyonçular xarici vətəndaşlıqlarını Qarabağ üçün qurban verərlərmi?! Onlar işğaldan azad olunan ərazilərə investisiya qoymaq üçün qayıdışa hazırdılarmı?! Bəlkə dövlət onlara yerli hakimiyyətdə vəzifə də verə bilər. Bəllidir ki, Qarabağ və azərbaycanlı genetikalı yüzlərlə milyonçu var. Vətən müharibəsində olduğu kimi, Böyük Qayıdışda da bir millət kimi hərəkət etmək önəmlidir. Azərbaycan Ukraynadan fərqli olaraq BMT, ATƏT, ABŞ və Almaniyadan yardım gözləmir. İslam Konfransı Təşkilatı da donorluq etmir. Belə olan halda xaricdə yaşayan soydaşların qayıdışı xüsusi təyinatlılar kimi nümunə ola bilər. Qarabağda Ağdamın məşhur üzüm emalı zavodlarına, Zəngilanın və Qubadlının zəngin meyvə bağlarına investisiya qoyulmasına ehtiyac var. Ona görə də dünya azərbaycanlıları 30 illik əhdi unutmamalıdır. Dövlət sahibkarların qayıdışı üçün onları əksər ödənişlərdən, vergi və rüsumlardan azad edir. Nəzərə almaq lazımdır ki, xalqa yatırılan kapital batmır. Ona görə də azərbaycanlı milyonçular heç bir təhlükə yaşamırlar”.
Gülşən Şərif