Deputatdan İLGİNC MÜQAYİSƏ: Məcburi vaksinasiyanı Xolokosta bənzətdi

“O zaman peyvənd vurdurmaq istəməyənlər qollarına altıguşəli sarı ulduz taxsınlar”.

Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, Latviya parlamenttinin deputatı Aldis Qobzems koronavirus əleyhinə məcburi vaksinasiya tələbini İkinci Dünya Müharibəsi zamanı nasistlərin əməlləri ilə müqayisə edib.

Onun fikrincə, məcburi vaksinasiya insanları seçim hüququndan məhrum edir və nasistlərin yəhudilərə qarşı davrandığı kimi, onların azadlığını məhdudlaşdırır.

Deputat daha sonra peyvənd vurdurmaq istəməyənlərə səslənib və bu diskriminasiyaya görə ölkə hakimiyyətinə etiraz olaraq, qollarına altıguşəli sarı ulduz taxmağa çağırıb.

Lakin Qobzemsin bu çıxışı ona baha başa gəlib. Parlamentin müvafiq komissiyası deputat etikası haqqında qanunvericiliyin 4 maddəsini pozması səbəbindən onu bir iclasda iştirak hüququndan məhrum edib.

Qeyd olunur ki, Latviya hökuməti işəgötürənlərə sentyabrın 15-nə qədər COVID-19 sertifikatı almayan əməkdaşları işdən çıxarmaq hüququ verən qərar qəbul edib.