!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Deputatdan məmur səhlənkarlığına ETİRAZ: "Buna son qoyulmalıdır..."

!Reklam – Yazi

“Koronavirus pandemiyası göstərdi ki, bizdə belə demək mümkünsə, sənədləşmə, dəftərxana mədəniyyəti hələ tam formalaşmayıb”.

Yenicag.az xəbər verir ki, bu fikirləri Milli Məclisin ötən gün keçirilən iclasında “Ünvanlı dövlət sosial yardımı haqqında” qanuna təklif olunan düzəlişlə bağlı çıxışında deputat Sahib Alıyev deyib.

Sahib Alıyevin fikrincə, bu sahədəki problemin tam aradan qaldırılması üçün sosial yardımın verilməsi mexanizminin daha da təkmilləşdirilməsinə ehtiyac var:

“Ünvanlı dövlət sosial yardımı haqqında” qanuna ediləcək düzəlişdən sonra tələb budur ki, sosial yardım almaq istəyən ailədə 8 yaşınadək sağlam, 18 yaşınadək əlilliyi olan uşağa baxan ananı və 23 yaşına kimi əyani təhsil alan tələbəni çıxmaqla, əmək qabiliyyətli hər bir şəxsin işi olmalıdır.

48 kilometri cəhbə xətti olan Tərtərin elə kəndləri var ki, onlara torpaqlar şərti bölgü ilə verilib, yəni aktları yoxdur və o üzdən də vergidə qeydiyyata dura bilmirlər. Belə olan halda ailədəki əmək qabiliyyətli şəxs sosial yardım almaq üçün iş tapmalıdır ki, cəbhəyanı bölgədə bu, çox çətindir.

Bax elə bu səbəbdən də yüzlərlə tərtərli sosial yardıma ehtiyac duyduqları və haqq etdikləri halda, onu almaqda problemlərlə üzləşirlər. Torpaq aktları olanların da bir çoxunun sosial yardım almaları elə də asan deyil. Çünki aktlar 24 il bundan əvvəl torpaq islahatları zamanı verilib.

Həmin sənədlərdə o vaxt ailə başçısı kimi göstərilənlərin bir çoxu artıq rəhmətə gedib. Rəhmətə gedənlərin yerinə digərlərinin vergidə ailə başçıları kimi qeydə alınmaları və beləliklə də, sosial yardıma yollarının açılması üçün torpaq aktı dəyişməlidir. Aktın dəyişməsi üçünsə 150 manata qədər rüsum ödənilməlidir.

Sosial yardıma ehtiyacı olan ailələrdə bu məbləğdə pulun tapılıb ödənməsi çox çətindir. Bundan başqa, sosial yardım alan kəndli ailəsi mülkiyyətində olan torpaqla vergidə qeydiyyatdan keçdikdə, əmək qabiliyyətli ailə üzvünün hər biri üçün ölkə üzrə götürülmüş minimum aylıq əmək haqqının 6 faizi, yəni 15 manat miqdarında DSMF-yə ödəniş etməlidir”.

Sahib Alıyevə görə, sosial yardım mexanizmində differensial yanaşmaya ehtiyac var:

“Bakı şəhərində yaşayan sosial yardıma ehtiyac duyan ailədən onu almaq üçün tələb edilən sənədlər, qarşısına qoyulan şərtlər Tərtərdə cəbhəyanı kənddə yaşayan və sosial yardıma ehtiyac duyan ailənin qarşısına qoyulmamalıdır.

Həmçinin koronavirus pandemiyası göstərdi ki, bizdə belə demək mümkünsə, sənədləşmə, dəftərxana mədəniyyəti hələ tam formalaşmayıb. Sosial yardıma ehtiyacı olanları kənarda qoymamaqla yanaşı, elə etməliyik ki, cəmiyyətdə ələbaxımlılıq tendensiyası aradan qalxsın.

Vətəndaş səhlənkarlığı və eyni zamanda, ayrı-ayrı dövlət qurumlarında sənədləşmənin başdansovdu aparılması, elektron bazadakı qarışıqlıq səbəbindən birdəfəlik müavinət və biznesə dəymiş zərərə görə yardımlar verilərkən müəyyən anlaşılmazlıqlar meydana çıxdı. Bu vəziyyətə son qoyulmalıdır”.

Gülşən Şərif

www.yenicag.az

509
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv