Deputatdan şəhid ailəsinə BÖYÜK HƏQARƏT: “Başsağlığı bağlaması”ndan nələr çıxdı? – FOTOLAR / VİDEO – YENİLƏNDİ
Milli Məclisin deputatı Anatoliy Rafailov Xaimoviç Füzuli istiqamətində gedən döyüşlərdə şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin kapitanı Aqil Məlikovun ailəsinə göndərdiyi sovqat qəzəbə səbəb olub.
53 saylı Quba-Qusar dairəsindən olan millət vəkili Anatoliy Rafailov şəhid ailəsinə duş geli, şampun, ətir, antibakterial gel, makaron və düyü göndərib.
Məsələ ilə bağlı deputatın köməkçisi Məhsəti Əliyeva “BakuPost”a bildirib ki, şəhid ailəsinə göndərilən sovqata nələrin daxil olmasından Anatoliy Rafailovun xəbəri olmayıb:
“Deputat, iş adamı Məşhur Məmmədov Anatoliy Rafailova da təklif etdi ki, sənin də dairəndən olan şəhid ailələrinə yardım edim. Məlum olduğu kimi, A.Rafailov iş adamı deyil, həkimdir, xalq arasından çıxmış insandı. Şəhərə giriş bağlı olduğundan Qubaya gedə bilmirik, həm də müharibə dövründə deputatlara kənara çıxmağa qadağa qoyulmuşdu.
M.Məmmədov da dedi ki, mən sizinkilərə də yardım edib, sovqat göndərəcəyəm. A.Rafailov bu sovqatı ümumiyyətlə görməyib, təşkilatçılığı Məşhur müəllim edib. Düşünmürəm ki, bu hər hansı bir təxribat olsun.
Amma bağlamaya ətir qoymaqla çox böyük səhv ediblər. Qubadakı köməkçi ilə əlaqə saxlamışam, deyir ki, bağlamada yağ, xurma, makaron, un, düyü və digər ərzaq məhsulları da var. 2 bağlama olub – məişət və ərzaq sovqatı. Bağlama Quba rayon İcra Hakimiyyətinə göndərilib. Orda da əlbəttə, icra nümayəndələri açıb, bağlamaya baxa bilməzlər. Hər iki sovqat Qarabağ uğrunda qələbədən sonra noyabrın 13-də göndərilib. Yəqin fikirləşiblər ki, sovqatın göndərilməyi qələbə ərəfəsinə düşdüyündən bu münasibətlə də şəhid ailəsini təbrik etsinlər. Çünki şəhid ailələri də qələbə xəbərinə çox sevinirdi. Tək bu ailəyə yox, bir neçə ailəyə eyni cür sovqat göndərilib. Yəni, bağlamalar yardım məqsədilə göndərilib”.
***
11:48
Daha bir deputat şəhid ailəsinə münasibətdə olduqca sayğısız davranışı ilə neqativ planda diqqət mərkəzinə düşüb.
Yenicag.az xəbər verir ki, Səma Aydəmir adlı sosial şəbəkə istifadəçisinin məlumatına görə, dayısı, Azərbaycan Silahlı Qüvvələrinin kapitanı, şəhid Aqil Niyaz Oğlu Məlikov Füzulinin Qaraxanbəyli kəndi istiqamətində gedən döyüşlərdə şəhid olub.
Şəhidin dəfnində iştirak etməyən 53 saylı Quba-Qusar dairəsindən Milli Məclisin deputatı seçilən Anatoli Rafailovun bu sayğısızlığına görə “üzrü günahından betər olub”.
Deputatın günahını yumaq üçün şəhidin ailəsinə göndərdiyi “sovqat” haqlı hiddət doğurub. Rafailovun şəhid ailəsinə rəva gördüyü “başsağlığı bağlaması”nın içindəkiləri bildikdə, hiddətin çox yumşaq təpki olduğu görünür:
“Buta” duş geli,
“Buta” şampunu,
“L-Homme” prada tester ətir (3ədəd),
“Diva” tester və şampunu,
“Sanitary” antibakterial geli,
bir qədər də makaron və düyü…
Təbii ki, şəhid ailəsi bu rəzalət saçan bağlamanı bələdiyyəyə geri qaytarıb. Lakin Rafailovun köməkçisi utanmadan o “sovqat”ı təkrar geri gətirib.
Gülşən Şərif