Deputatın aşağı faizli kredit tələbinə REAKSİYA: “Ölkədəki iqtisadi vəziyyəti araşdırandan sonra…” – ŞƏRH
Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Tahir Kərimli bildirib ki, bankların verdiyi kreditlər 5-6 faiz civarında olmalıdır. O qeyd edib ki, bank borcları, faizlər bu gün insanlar üçün əsas problemdir. Nəticədə insanlar qazandıqlarının hamısını borca verir.
Mövzu ilə bağlı “VECON CONSULTING” şirkətinin direktoru, Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədr müavini, iqtisadçı Vüqar Oruc öz fikirlərini Yenicag.az-la bölüşüb.
O bildirib ki, kiçik faizli kreditlər, adətən, iqtisadi inkişafı yüksək və valyutası stabil olan ölkələrdə mümkündür, Azərbaycanda isə vəziyyət tamamilə fərqlidir:
“Əslində, kredit faizləri ilə bağlı bu cür təkliflər konkret olaraq iqtisadi əsaslara söykənmir. Kommersiya banklarının fəaliyyətindən agah olan hər kəs bilir ki, kreditin beş-altı faiz olması mümkün deyil. Bunun üçün Azərbaycan valyutasının dayanıqlılığını və sabitliyini tam şəkildə təmin etmək lazımdır. Eyni zamanda, ölkə iqtisadi cəhətdən yüksək səviyyədə inkişaf etməlidir. Hazırda Mərkəzi Bankın uçot dərəcəsi üzrə müəyyənləşdirdiyi göstərici altı tam onda beş-yeddi faiz civarındadır. Risklərin yüksək olduğu indiki halda banklar kreditlərini aşağı faizlə verə bilməzlər. Bu, real deyil. Nəzərə almaq lazımdır ki, bank bir müəssisədir. Bankın qazanc və gəlirləri pul kapitalı satışından irəli gəlir. Bank bu prosesdə heç bir mənfəət əldə etmirsə, tezliklə müflisləşə bilər. Azərbaycanın milli valyutasının kursu dövlət tərəfindən tənzimlənir və imkan verilmir ki, dollarla nisbətdə dəyəri aşağı düşsün. Belə bir şəraitdə beş-altı faizlik kreditlərin verilməsi real görünmür. Ola bilər ki, sırf ictimaiyyətə xoş gəlmək üçün bu cür təklif irəli sürülüb. Digər variant isə iqtisadi biliklərin yetərincə olmamasıdır. Hər bir halda, ölkədəki iqtisadi vəziyyəti və bankların fəaliyyətini ciddi araşdırandan sonra faiz siyasətinə dəyişiklik etmək mümkündür. “.
İqtisadçı hesab edir ki, kredit faizlərində müəyyən endirimlərin tətbiqi mümkün ola bilər:
“Kreditlərin daha əlçatan olması və iqtisadi fəaliyyətin stimullaşdırılması üçün kreditləşmə prosesi asanlaşdırıla bilər. Bu istiqamətdə bir sıra banklar addımlar atır. Hazırda sahibkarlar üçün müvafiq güzəştli, o cümlədən ipoteka kreditləri mövcuddur. İstehlak və riski daha çox olan kreditlərə gəlincə, burada faizin yüksək olması təbiidir. Böyük kredit portfeli var ki, onlar geri qayıtmayıb. Bamxayaraq ki, banklar bu və ya digər şəkildə öz fəaliyyətini sığortalamalıdır. Nəinki Azərbaycanda, bütün bank sistemində banklar öz risklərini nəzərə alır. Sadəcə inkişaf etmiş ölkələrlə inkişaf etməkdə olan ölkələr arasında fərqli situasiyalar mövcuddur. Bu baxımdan, ölkəmizdə kreditin beş-altı faiz civarında olması qeyri-mümkündür”.
Gülşən Şərif