Deputatın biznesi əlindən alınır: Şirkətlər kimə veriləcək?

Untitled-206Uzun müddət mediada adı müxtəlif qalmaqallarda hallanan deputat Nəriman Əliyevlə bağlı yeni ilginc məlumatlar ortaya çıxıb.

Belə ki, hazırda həbsdə olan MTN generalı Akif Çovdarovun biznes ortağı kimi tanınan deputatın biznes şəbəkələrinin və nəzarətində olan şirkətlərin əlindən alınması barədə məlumatlar yayılıb.
Arqument.az-a verilən ilginc məlumata görə, Nəriman Əliyev bu təzyiqləri müxtəlif yollara baş vurmaqla aradan qaldırmağa, diqqət üzərindən yayındırmağa çalışsa da, Akif Çovdarovla işbirliyi deputata ciddi problem yaradıb.
Məlumata görə, bir müddət öncə MTN işinə görə istintaqa ifadə verdiyi bildirilən deputatın məsuliyyətə cəlb olunması iddiasından sonra biznesinin əlindən alınması da gündəmə gəlib.
Mənbə bildirir ki, hazırda 70 saylı Masallı şəhər Seçki Dairəsindən deputat seçilmiş Nəriman Əliyevin MTN-in sabiq generalı Akif Çovdarovla işbirliyi və biznes ortaqlığının üzə çıxmasından sonra deputatın yaxın qohumu həbs olunub. Belə ki, deputatın bacısı əri hazırda bu işlərdən dolayı həbsdədir. Özü isə istintaqa ifadə verməklə hələlik prosesdən kənarda qalmağı bacarıb.
Deputatla bağlı yayılan məlumatlarda isə bildirilir ki, Nəriman Əliyev “Nur M” şirkətini uzun illər Akif Çovdarovla şərik işlədib. Bu şirkət isə əsasən İrandan xurma, kişmiş, quru meyvə və s. məhsullar gətirib. Həmçinin deputat bu məhsullar üzrə monpolist kimi çıxış edib və onun monopoliyasına girməyə cəhd edən istənilən şəxsi zərəsizləşdirmək üçün dəfələrlə Akif Çovdarov “kartı”ndan istifadə edib.
Mənbənin sözlərinə görə, Nəriman Əliyevin biznesi təkcə bununla məhdudlaşmayıb. Belə ki, o, gömrüklə bağlı bir çox məsələlərə də müdaxilə edib. Ona gömrükdə “yaşıl işıq”ı da məhz Çovdarov yandırıb. Yəni Nəriman Əliyev Akif Çovdarovun dəstəyi ilə Dövlət Gömrük Komitəsinin müsadirə etdiyi bir çox malların satışını da həyata keçirib. Bu biznesdən isə milyonlar qazanıb. Hətta biznesinin bir hissəsini də ölkədən çıxarmağa nail ola bilib.
Məlumatda vurğulanır ki, deputatın bütün “qara işləri”ni və beznsini hazırda həbsdə olduğu iddia edilən bacısı əri yönləndirirmiş: “Çovdarovun həbsindən sonra Nəriman Əliyevin də vurulması təsadüfi deyil. Amma onun yaxın qohumuna hansı maddələrlə cinayət işinin açılması bəlli deyil. Əsas odur ki, deputat özü də bu məsələni gizlədərək “başqa yollar”la həll etməyi düşünür”.
Bildirlir ki, “Nur M” şirkətindən başqa, “Ştutqart” mağazalar şəbəkəsi də Nəriman Əliyevə məxsusdur. Bu şəbəkəni də ona yaxın şəxslər idarə edir. Mağazalar şəbəkəsi isə xaricdən gətirilən avtomobil hissələrinin satışını həyata keçirir.
Mənbə iddia edir ki, Nəriman Əliyev məhz Akif Çovdarovun dəstəyi ilə Masallı Kərpic zavodunu da özündən asılı hala salaraq, orada da pay sahibi olub. Bu da zavodun müdiri Fəxrəddin adlı iş adamı ilə aralarında ciddi skandala səbəb olub və sonucda deputat qalib gəlib.
Arqument.Az-a məlumat verən mənbənin sözlərinə görə, Nəriman Əliyev Masallıda fəaliyyət göstərən iki bazarda da (“Təzə bazar” və “Köhnə bazar”) pay sahibidir. Bundan başqa, onun rayonda böyük torpaq ərazilərini ələ keçirdiyi iddia olunur. Bütün bu şikayətlər və Akif Çovdarovla işbirliyi isə hazırda deputatı çıxılmaz vəziyyətdə qoyub.
Qeyd edək ki, Nəriman Əliyevlə bağlı zaman-zaman maraqlı məlumatlar yayıılıb. Hətta bir müddət öncə onun ali təhsilinin olmadığı, diplomunun isə saxta olduğu gündəmi məşğul etmişdi. Bir müddət öncə yayılmış məlumatda deylirdi ki, Masallıdan olan deputat Nəriman Əliyevin diplomu saxtadır.
Amma deputatla bağlı yayılmış rəsmi açıqlamada deyilirdi ki, o, 1985-ci ildə Bakı Tixarət Texnikumuna daxil olub və 1988-ci ildə hərbi xidmətdən təxsis olduqdan sonra təhsilini davam etdirərək, adıçəkilən təhsil qurumunun məzunu olub.
Tərcümeyi-halında yazıldığına görə, Nəriman Əliyev 1998-2003-cü illərdə Rostov Dövlət Universitetinin hüquq fakültəsində təhsil alıb və oranı bitirib. Həmçinin o da məlum olub ki, Nəriman Əliyev 1999-cu ildə «Nur-M» MMC adlı şirkəti təsis edib.
2010-cu ildən Milli Məclisin deputatı olan Nəriman Əliyev YAP-ın üzvüdür və hazırda parlamentdə hüquq komissiyasında təmsil olunur.
Masallı sakinləri adından yayılmış müraciətdə isə deyilirdi ki, Nəriman Əliyev Rostov Dövlət Universitetində oxumayıb və aldığı diplom da saxtadır. Hətta bu iddianı irəli sürənlər onu da israrla bildirirdilər ki, deputat ümumiyyətlə, rus dilində bilmir. Deputat isə yayılmış məlumatları təkzib edərək, əsassız olduğunu bəyan etmişdi.
Onu da qeyd edək ki, bir müddət öncə Milli Məclisin sabiq deputatı Çingiz Əsədullayevin də adı Eldar Mahmudov və Akif Çovdarovla bağlı olaylarda hallandırılırdı. Amma gözlənilmədən Mərkəzi Seçki Komissiyası (MSK) 90 saylı Ağdaş Seçki Dairəsindən namizədliyi qeydə alınmış və seçkinin “qalibi” kimi çıxan Əsədullayevin nəticələrini ləğv etdi. Hazırda həmin dairədən təkrar seçkilərə start verilib. Görünür, Akif Çovdarov olayı ölkədə hələ çox tanınmış şəxsin gələcək taleyinin “qaranlıq” olmasından xəbər verir…