Deputat Nəriman Əliyevlə bağlı yeni məlumat yayılıb. Yenicag.az Bakunews.az-a istinadən xəbər verir ki, bir neçə gün öncə saxta diplomu ilə gündəmə gələn deputatın problemləri bununla məhdudlaşmayıb.
Redaksiyanın elektron ünvanına daxil olan məlumata görə, Nəriman Əliyev hərbi xidmətdə də olmayıb. Hərbi xidmətə yararsız olan şəxsin deputatlığa nə qədər yararlı olması sual doğurur.
Qeyd edək ki, sözügedən millət vəkilinin tərcümeyi-halında 1985-ci ildə Bakı Ticarət Texnikumuna daxil olub və 1988-ci ildə hərbi xidmətdən tərxis olduqdan sonra təhsilini davam etdirərək, adıçəkilən təhsil qurumunun məzunu olduğu yazır.
Lakin mənbəmiz diplomunu olduğu kimi hərbi xidmətlə bağlı da tərcümeyi-halında saxtakarlıq etdiyini bildirib.
Qeyd edək ki, tərcümeyi-halında yazıldığına görə, Nəriman Əliyev 1998-2003-cü illərdə Rostov Dövlət Universitetinin hüquq fakültəsində təhsil alıb və oranı bitirib. Həmçinin o da məlum olub ki, millət vəkili 1999-cu ildə «Nur-M» MMC adlı şirkəti təsis edib. Lakin ölkə mətbuatında yazıldığına görə, Nəriman Əliyev Rostov Dövlət Universitetində oxumayıb və aldığı diplom da guya, saxtadır. Hətta bu iddianı irəli sürən şəxs onu da israrla bildirir ki, deputat ümumiyyətlə, rus dilində bilmir.
Məlumat üçün vurğulamaq gərəkir ki, Nəriman Əliyevin adı son zamanlar həmkarı Elmira Axundova və Masallının icra başçısı Rafiq Hüseynovla bağlı qalmaqallarda hallanmaqdadır. Bundan başqa Nəriman Əliyevin şəxsi avtomaşınına 90 AA 133 dövlət nömrə nişanını almaq üçün 50 min dollar pul xərclədiyi də söylənilir. /Bakunews.az