Reklam

Reklam

“Əgər sürücü həqiqətən də hadisə yerindən qaçıbsa, bu hal da əlavə məsuliyyət yaradır”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında ötən gün Bakıda 75 yaşlı süpürgəçi qadının maşınla vurulmasına və YAP-çı deputat Musa Quliyevin “Onu heç kim işləməyə məcbur etməyib” açıqlamasına münasibət bildirən Əmək Hüquqlarını Müdafiə Liqasının (ƏHML) rəhbəri Sahib Məmmədov deyib:

“Qeyd edim ki, bu hadisə kifayət qədər rezonans doğurub və geniş müzakirə olunmaqdadır. Bu barədə nə demək olar? Hüquqi baxımdan yanaşsaq, istehsalat zamanı baş vermiş bədbəxt hadisəsidr. Yəni qadın yolun hərəkət hissəsində öz işini görərkən, onu maşın vurub.

Bu zaman bir neçə məqama diqqət yetirilməlidir. Əvvəla, işəgötürən həmin qadının əmək fəaliyyətini təhlükəsiz şəraitdə həyata keçirtməsinə cavabdehlik daşıyır. O mənada işəgötürənin məsuliyyəti var.

Eyni zamanda, qadını vuran sürücünün də hərəkəti mütləq dəyərləndirilməlidir. Hətta hadisə zamanı günah qadında olsa belə, bu, cinayət hadisəsidir və obyektiv araşdırılmalıdır.

Mən bunu qəti şəkildə iddia etmirəm, amma eşitdiyimə görə, sürücü qadını vurduqdan sonra hadisə yerindən qaçıb. Hər halda, qadının cəsədinin hadisə yerində qalması da belə söyləməyə əsas yaradır. Ancaq bunu dəqiqləşdirmək lazımdır. Əgər sürücü həqiqətən də, hadisə yerindən qaçıbsa, bu hal da əlavə məsuliyyət yaradır.

Deputatın məcburiyyətlə bağlı fikrinə gəldikdə isə onun dediklərinin kontekstdən çıxarılıb-çıxarılmadığı bilinmir. Ola bilsin ki, o, başqa məqamı nəzərdə tutub, ancaq fikri fərqli mənada başa düşülüb. Lakin fikir olduğu kimi çatdırılıbsa, deputatın maşınla vurulmuş qadın haqda o cür danışması korrekt deyil. Ancaq yenə də burada konteksti bilmək lazımdır”.

Qeyd edək ki, haqqında danışılan hadisəyə münasibət bildirən deputat Musa Quliyevin aşağıdakı fikirləri sosial şəbəkələrdə və mediada ciddi etirazla qarşılanıb:

“Yaşlı qadını heç kim orada işləməyə məcbur etmir. Məgər onu məcburi işlədirlər?! Ola bilər ki, əvvəlcədən o işlə məşğul olub, işdən anlayışı var, fiziki imkanları da şərait yaradır və beləliklə, öz çörək pulunu qazanır”.

A. Zeynalov

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 553
Kateqoriyalar:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."