!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Deputatlar əvvəl xalqın vəziyyətinə, sonra öz maaşlarına baxsınlar” – Maaş artımına sərt reaksiya

!Reklam – Yazi

Milli Məclis üzvlərinin maaşlarının artırılması cəmiyyətdə birmənalı qarşılanmayıb.

Yenicag.az xəbər verir ki, parlamentin bu gün keçirilmiş plenar iclasında qəbul edilən qərara əsasən, Milli Məclisin sədri 2475 manat (indiyədək 2250 manat olub), sədrin I müavini 2227 manat (indiyədək 2015 manat olub), Milli Məclisin sədr müavini 2103 (indiyədək 1912.5 manat), Milli Məclisin komitə sədri 1980 manat (indiyədək 1800 manat olub), komitə sədrinin müavini 1 856, sıravi deputat isə 1732 manat (indiyədək 1575 manat olub) maaş alacaq. Deputatların maaşlarına nəzərdə tutulan artım bu il mayın 1-dən hesablanacaq.

Lakin qeyd olunan maaş artımı deputatların heç də hamısını qane etməyib. Parlamentin deputatı, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri Qüdrət Həsənquliyev deputatların maaşını ən azı 8 min manata qədər qaldırmağa çağırıb:

“Ölkədə iki devalvasiya olub. Deputatlar, hakimlər, Ombudsman başqa fəaliyyət barədə düşünməməlidir. Başqa ölkələrdə maaşlar çoxdur. Ona görə də onlar elə maaş almalıdırlar ki, ailələrini dolandıra bilsinlər. Təklif edirəm ki, baş nazir, Milli Məclisin sədri 10 min, deputatlar isə ən azı 8 min manat maaş alsınlar”.

Lakin Həsənquliyevin bu təklifi nə spiker Oqtay Əsədov, nə də digər həmkarları tərəfindən dəstək qazanıb. Eyni zamanda, deputatların öz maaşlarına yüngülvari “əl gəzdirmələri” media və siyasi dairələrdə də ciddi tənqid olunmaqdadır. Bu məsələyə tənqidi yanaşalar  deputaları sosial müdafiəyə ehtiyacı olan vətəndaşları yox, özlərini düşündüklərini bildiriblər.

Milli Məclisin keçmiş üzvü, Ədalət Partiyasının sədri İlyas İsmayılov deputatların maaşının artırılmasına dair Yenicag.az-a açıqlamasında bu addımın əleyhinə olduğunu bildirib:

“Deputatlar əvvəlcə xalqın vəziyytinə, necə dolandığına baxıb, sonra öz maaşlarının artırılması haqqında fikirləşsinlər. Mən bundan narazıyam. Hazırda maaşlarının artırılması vacib olan əsas təbəqə deputatlar və dövlət qulluqçuları yox, müəllimlərdir”.

Deputatların maaş artımını Yenicag.az-a şərh edən Milli Məclisin sabiq deputatı Nazim Bəydəmirli bildirib ki, Milli Məclis üzvlərinin maddi təminatlarının yüksək səviyyədə olması onların fəaliyyət sərbəstliyinə mühüm təsir göstərir. Bəydəmirlinin fikrincə, deputatların maaşlarının artırılmasına yönəlik kəskin reaksiyalar əhalinin böyük hissəsinin mövcud maddi durumundan qaynaqlanır:

“Deputatların maaşının artırılmasına dair verdiyim əvvəlki açıqlamalarda da qeyd etmişdim ki, Milli Məclis üzvlərinin əmək haqqı hətta postsovet ölkələri ilə müqayisədə kifayət qədər aşağıdır.
Hətta büdcəsi Azərbaycanla müqayisədə xeyli kiçik olan Gürcüstanda deputatları bizim millət millət vəkillərindən daha çox maaş alırlar. Ona görə də, hər hansı bir deputatın millət vəkillərinin maaşlarının artırılmasını təklif etməsində təəccüblü heç nə yoxdur.

Ancaq ölkədə orta aylıq əmək haqqının 550 manat civarında olması deputatların maaşlarının artırılması təkliflərini ciddi mübahisə predmetinə çevirir, digər vətəndaşlarda, xüsusilə, sosial vəziyyəti yaxşı olmayan insanlarda kəskin reaksiya doğurur.

Sıravi deputat hazırda 2 min 598 manat maaş alır, əgər məzuniyyət, müalicə xərclərini nəzərə alınsa, 3 mindən çox maaş verilir. Bu isə orta aylıq əməkhaqqının 6 mislidir.

Kasıb təbəqəyə mənsub vətəndaşlar hesab edirlər ki, maddi imkanları onsuz da geniş olan, açıq-gizli biznesə malik deputatların maaşlarının artırılması əhalinin aztəminatlı kəsiminə qarşı təhqirdir.

Hesab edirəm ki, deputatların maddi təminat səviyyəsi onların fəaliyyətinə də özünəməxsus təsir göstərir. Yəni bu halda deputatlar qanunverici orqanın üzvü olaraq, icra hakimiyyəti strukturları ilə davranışlarında da daha əminliklə hərəkət edə bilirlər.

Bəzi nümunələrlə deputatlara göstərilən münasibətin hansı səviyyədə olduğunu görə bilərik. Məsələn, nəinki nazirliklərin, hətta icra hakimiyyəti orqanlarının aşağı vəzifəli işçiləri də xidməti avtomobillərlə təmin olunurlar. Ancaq bizdə deputatlara xidməti avtomobil verilmir, yalnız köməkçisinin maaşı dövlət büdcəsindən ödənilir.

Bizdə elə vəziyyətdir ki, deputatlar maaşlarının artırılmasını hökumətdəın xahiş etmək məcburiyyətinədirlər. Halbuki onlar “Deputat statusu haqqında” qanunun verdiyi imkandan yararlanaraq, maaş məsələsini qaldıra və bu barədə qərar qəbul edə bilərlər. Burada nəzərə alınacaq əsas məqam əhalinin mütləq hissəsinin sosial durumudur”.

A.Zeynalov

www.yenicag.az

2924
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv