Deputatların yeni avtomobil ARZUSU: “Görünür, millət vəkilləri şəhidlərimizi unudublar” – REAKSİYA

Milli məclisin ötən gün keçirilən iclasında deputatların xidməti avtomobillərinin yenilənməsi ilə bağlı təklif irəli sürülüb. Milli Məclisin İşlər müdiri Firudin Hacıyev “Milli Məclisin 2022-ci il üçün xərclər smetası haqqında” qanun layihəsinin müzakirəsi zamanı öz çıxışında yeni avtomobillərin alınması ilə bağlı 500 min manat ayrılması üçün kömək göstərilməsini xahiş edib. Sözügedən təklif isə cəmiyyətdə müzakirələrə yol açıb.

Mövzu ilə bağlı nəqliyyat eksperti İlqar Hüseynli Yenicag.az-a açıqlamasında bildirib ki, iqtisadi çətinliyin mövcud olduğu indiki vaxtda deputatlar üçün irəli sürülən məlum təklif ürəkaçan deyil və reallaşmasına mane olmaq vacibdir:

“Son vaxtlar Milli Məclisin iclaslarında deputatların istəklərinin artması müşahidə olunur. Ölkədə sosial durumun indiki ağır şəraitində deputatların avtomobillərlə bağlı istəyi anlaşılmazdır. Çünki bu gün Azərbaycanın maliyyə dəstəyinə ehtiyacı var. Xüsusən də 44 günlük müharibə dönəmində itirdiklərimiz, qələbədən sonra şəhid və qazi ailələrinin sosial imkanlarının yaxşılaşdırılması istiqamətində atılan addımlar, işğaldan azad olunmuş ərazilərdə yenidənqurma və bərpa işləri ilə bağlı dövlət proqramlarının həyata keçirilməsi fonunda kifayət qədər böyük maliyyə vəsaiti lazımdır. Görünür, deputatlar gənc, savadlı uşaqlarımızın savaşda öz canlarını fəda etməsini unudublar. Deputatlar rahat həyat yaşasalar da, yeni nəqliyyat vasitəsi istəyirlər. Millət vəkillərinin kifayət qədər imkanları və biznesləri var. Həmçinin ezamiyyət, istirahət üçün dövlət tərəfindən bu və ya digər şəkildə vəsait alırlar. Deputatların şəxsi mənfəətləri üzərində qurulan təkliflərin reallaşdırılmasına qətiyyən icazə vermək olmaz”.

Nəqliyyat eksperti Aslan Əsədov isə öz növbəsində saytımıza açıqlamasında qeyd edib ki, deputatlara xidməti avtomobillərin verilməsi qanunla tənzimlənsə də, avtoparkın yenilənməsi ilə bağlı təklifin reallaşacağı məlum deyil:

“Azərbaycan qanunvericiliyinə görə Milli Məclisin deputatlarına 5 il müddətinə xidməti avtomobillər verilir. Daxili Təchizat Təşkilatının rəyinə əsasən xidməti avtomobillərin texniki nasazlığı və digər göstəriciləri barədə məlumat toplanır. Əgər avtomobil istifadəyə yararsızdırsa, bu halda qərar qəbul olunur və aidiyyatı qurumlara məlumat verilir. Bu cür texniki məsələnin parlament iclasında deputatlar tərəfindən müzakirəsi subyektiv məsələdir. İstənilən halda, təklifin qəbul olunub-olunmaması təşkilatın rəyindən asılı olacaq”.

Gülşən Şərif