Deputatlığa bu namizdələri tanıyanlar var? – Təqaüddə olanlar, heç yerdə işləməyənlər…

Sentyabrın 1-də Azərbaycanda növbədənkənar parlament seçkilərinə 15 gün qalıb. Seçkilərlə bağlı depuatlığa namizədlərin təbliğat-təşviqat kampaniyası davam edir. Müstəqillik dövründə sayca 7-ci dəfə keçiriləcək seçkilərdən ümidlər və gözləntilər böyükdür. Seçkilərdə iştirak edən VI çağırış Milli Məclisin deputatları namizədlər siyahısında üstünlük təşkil edir. 

Namizədlər arasında ilk dəfə bu yarışa qatılanları nəzərdən keçirsək, bir sıra tanınmış adlara da rast gəlmək mümkündür. Lakin siyahıda namizədlər arasında heç kimin tanımadığı, siyasi fəaliyyəti olmayan namizədlər də yer alıb. Siyahıda işsiz, təqaüddə olan namizədlərin olması daha çox diqqəti cəlb edir.

Təbii ki, seçmək və seçilmək hüququ vətəndaşların Konsititusiyada təsbit olunmuş təməl hüquqları sırasındadır. Lakin Milli Məclis kimi ali qanunverici orqana bu ölkədə vacib məsələləri həll edə biləcək mütəxəssislərə, iqtisadçılara, hüquqşünaslara və başqa bu kimi peşəkarlara ehtiyac var.

Yenicag.az olaraq, bu seçkilərdə heç kimin tanımadığı namizdələrlə bağlı araşdırmanı təqdim edirik. Araşdırmaya Xəzər,Yasamal, Nərimanov üzrə davam edirik.

13 saylı Xəzər ikici seçki dairəsində siyahıda namizədliyi YAP-dan irəli sürülmüş, orta məktəb müəllimi Əliyev Cəlahir Mirzəbala oğlu da yer alıb. Bu seçki dairəsindən namizədliyini Ümid Partiyasından irəli sürmüş və hazırda heç bir yerdə çalışmayan Cavadov Şükür İlqar oğlu, namizədliyini AĞ partiyadan irəli sürən partiya sədrinin 1-ci müavini Məmmədli Əhəd İmanverdi oğlu da var.

14 saylı Xəzər-Pirallahı seçki dairəsində namizdəliyini YAP-dan irəli sürən orta məktəb müəllimi Rəsulova Vüsalə Elman qızının adı da siyahıda yer alıb. Sözügedən seçki dairəsində adı o qədər də tanınmayan namizədlər isə namizədliklərini özləri tərəfindən irəli sürülən və hazırda heç bir yerdə çalışmayan Buniyatova Mehriban Rövşən qızı, Əfəndiyeva Günay Elçin qızı və Əzməmmədov Ağababa Mirzəməmməd oğlu da siyahıda özünə yer tapıb.

15 saylı Yasamal birinci seçki dairəsində namizədliyə əsas ad namizədliyini öz təşəbbüsü ilə irəli sürən VI Çağırış Milli Məclisin deputatı Quliyev Ülvi Zahid oğludur. Siyahıda namizədliyini YAP-dan irəli sürən Respublika Klinik xəstəxanasında ümumi şöbə müdiri Quliyev Əli Dilən oğlu da var. Bu seçki dairəsində də adları tanınmayan şəxslər də var. Onlardan biri namizədliyini özü tərəfindən irəli sürən və heç bir müəssisədə çalışmayan Məmmədli Elxan Vəliməmməd oğludur.

16 saylı Yasamal ikinci seçki dairəsində siyahıda REAL-dan namizədliyini irəli sürən VI Çağırış Milli Məclisin deputatı Qədirli Erkin Toğrul oğlu da var. Bu seçki dairəsində YAP-dan namizədliyini irəli sürmüş Azərbaycan Texniki Universitetinin kafedra müdiri dosent Mirzəyev Həbib Adil oğlu da yer alıb. Adı tanınmayan şəxslərdən isə namizədliyini öz təşəbbüsü ilə irəli sürən və hazırda heç bir yerdə çalışmayan Abiyev Altay Qadir oğludur.

17 saylı Yasamal üçüncü seçki dairəsində namizədliyini YAP-dan irəli sürmüş Məmmədov Zaman Rəşid oğlu da yer alıb. Sözügedən seçki dairəsində namizədlikləri özləri tərəfindən irəli sürülmüş və hazırda heç bir müəssisədə çalışmayan Əsgərov Ceyhun Fərhad oğlu, Nəsibova Turanə Mustafa qızıdır.

18 saylı Nərimanov-Nizami-Binəqədi seçki dairəsində deputatlığa real namizəd olan namizədliyi özü tərəfindən irəli sürülmüş VI Çağırış Milli Məclisin deputatı Musabəyov Rasim Nəsrəddin oğludur. Bu seçki dairəsində namizədliyi YAP tərəfindən irəli sürülən şəxs Nərimanov Bələdiyyəsi Sosial İnkişaf və Xidmət şöbəsinin müdiri Babaşov Nizami Babaş oğludur. Bu seçki dairəsində də adı tanınmayan şəxslər var. Belə ki, namizədliyi öz təşəbbüsü tərəfindən irəli sürülən və hazırda heç bir müəssisədə çalışmayan Süleymanov Hüseyn Alıxan oğludur.

Mövzunu davam etdirəcəyik…

COP29