Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Deputatlığa namizəd Aygün Süleymanlı: “Cənab Prezident, Maştağanı qoçu dəstələrindən xilas edin”

“Bütün administrativ resurslar həmin dairədən 4 dəfə deputat olmuş Eldar Quliyevin xeyrinə çalışdırılır”.

Yenicag.az 28 saylı Sabunçu Üçüncü Seçki Dairəsindən deputatlığa namizəd Aygün Süleymanlı ilə müsahibəni təqdim edir.

– Bu gün sosial şəbəkələrdə Prezident İlham Əliyevə müraciətiniz yayılıb. Rəqibinizə qarşı çox ciddi ittihamlar səsləndirmisiniz. Həmin ittihamlar faktlarla təsdiq olunurmu?

– Seçki prosesində baş verən pozuntularla bağlı Dairə Seçki Komissiyasına dəfələrlə müraciət etmişik. Buna baxmayaraq, qaldırdığımız məsələlərin heç biri öz həllini tapmayıb. Əksinə, bütün administrativ resurslar həmin dairədən 4 dəfə deputat olmuş Eldar Quliyevin xeyrinə səfərbər edilib. Faktiki olaraq, dövlətin bütün strukturları bir namizədin xeyrinə çalışdırılır. Bizə təzyiq göstərilir. İcarəyə qərargah götürmək istəyirik, məkan sahibləri sözün əsl mənasında yalvarırlar ki, bizi çörəyimizdən eləməyin, Eldar Quliyevin qoçuları bizə ciddi problem yaradarlar. İnsanlar sözün əsl mənasında qorxurlar… Budurmu millət vəkilliyi? Dörd dönəm qanun yaradıcılığı ilə məşğul olan bir şəxs səs verdiyi, qəbulunda iştirak etdiyi qanunları necə tapdalaya bilər? Hüquq dövlətində insanları bu sayaq qorxutmağın, basqı altında saxlamağın cəzası olduğunu Eldar Quliyev bilmirmi? Maştağa kəndində tərəfdarlarımızla iki dəfə toplaşdığımız çayxananı ötən gün polis bağlamışdı. Guya onlara çayxanada dövlət çevrilişinə hazırlıq aparılması haqqında şikayət daxil olub. Ardınca Eldar Quliyevin seçki ofisinin Yaşar, Ələmdar, Fərrux, Adil adlı üzvləri gəlib kafe sahibinə deyiblər ki, sabah buranın daşı daş üstə qalmayacaq. Dərhal Daxili İşlər Nazirliyinə müraciət etdim. Operativ müdaxilə sayəsində bu qanunsuz hərəkətə yol verənlər cəzalandırıldı. Cənab Prezidentdən Maştağanı qoçu dəstələrindən xilas etməyi xahiş edirəm.

Seçki başlayandan bəri bizim bütün fəaliyyətimiz Prezident İlham Əliyevin seçki tezislərini, islahat siyasətini vətəndaşlar arasında təbliğ etməyə yönəlib. Bunu təsdiqləyən onlarla videomaterial təqdim edə bilərəm. Bir dəfə də seçiciyə “gəl mənə səs ver” deməmişəm. Prinsipial olaraq… Mən insanları seçki prosesinin obyektivliyinə inandırmağa çalışıram ki, vətəndaş aktivliyi yaransın, seçki mədəniyyəti formalaşsın. Rəqibimin düşüncəsinə görə isə bu, dövlət çevrilişinə hazırlıqdır… Hər kəsə bəllidir ki, insanların çoxu ümumiyyətlə, seçkiyə inanmır. Biz vətəndaşı inandırırıq ki, 9 fevral Azərbaycandakı islahat siyasətinin mühüm hissəsidir, proses dövlət başçısının xüsusi nəzarəti altındadır, akiv olun, gələcəyinizlə bağlı qərarların qəbulunda iştirak edin. Sözsüz ki, bu, Eldar Quliyev və Milli Məclisin millət üçün lal, özləri üçün aktiv, budəfəki parlamentdə də təmsil olunmaq istəyən deputatlarına sərf etmir. Seçkilərdə səs toplamayacaqlarını xalqdan öncə özləri əla bilirlər. Yaşı 70-i haqlamış və keçmiş, nəhəng biznes imperiyaları quran, dövləti əlində oyuncağa çevirmək istəyən şəxlər parlamentə düşməyin tək yolunu seçkinin nəticələrini total şəkildə saxtalaşdırmaqda görürlər. Seçici fəallığı isə onların bu niyyətini alt-üst edir. Bu səbəbdən də, üstümüzə gəlməkdədirlər. Ancaq mən dövlətimə arxayınam. Seçki prosesinə, islahatlara, dövlət başçısının etibarına kölgə salmaq istəyənlərin hamısı layiqli cavablarını alacaqlar.

– İddia edirsiniz ki, keçmiş deputat Eldar Quliyevin komandası seçkini saxtalaşdırmağın yeni texnologiyasını “kəşf ediblər”. Bu “texnologiya”nın detalları sizə bəllidir?

– Kütləvi şəkildə insanlara pul və ərzaq paylanır. Bunun qarşılığında insanlardan şəxsiyyət vəsiqələri yığılır. Bu gün qəfil yoxlama keçirilsə, Eldar Quliyevin seçki ofisindən, orada çalışanların evlərindən, bağlarından minlərlə şəxsiyyət vəsiqəsi çıxar. Mən bu sözləri tam məsuliyyətlə deyirəm. Biz bununla bağlı Mərkəzi Seçki Komissiyasına rəsmi müraciət hazırlayırıq. Vətəndaşların vəsiqələrinin əllərindən alınması konkret cinayət faktıdır. Rəsmi qurumlarla işləyənlər üçün xüsusi “sənəd” hazırlanıb. Həmin şəxslər o “sənəd”i imzalamaqla, üzərlərinə öhdəlik götürürlər ki, seçkidə özləri və ailə üzvləri Eldar Quliyevə səs verəcəklər. Orada şəxsiyyət vəsiqələrinin nömrələri də qeyd olunur. Əldə etdiyimiz informasiyaya görə, “sənəd” Maştağa Mədəniyyət Evində hazırlanıb və Mədəniyyət Evinin rəhbəri Tofiq Dadaşov bu məsələnini birbaşa iştirakçısıdır. Şəxsiyyət vəsiqəsini seçicilərə yalnız fevralın 9-da qaytaracaqlarını bildirirlər. Məntəqənin önünə gələn seçici seçki ofisinin işçisindən vəsiqəsini və kamera almalı, səs verəndən sonra Eldar Quliyevə səs verdiyini sübut etmək üçün bülletenin şəklini çəkməlidir. Bu insanlar qanunları pozduqları üçün məsuliyyətə cəlb edilməyəcəklərinə o qədər əmindirlər ki, bu gün çəkinmədən məktəblərə gedib müəllimlərdən şəxsiyyət vəsiqəsini tələb edirlər. Buradan təhsil naziri cənab Ceyhun Bayramova da müraciət edirəm. 255, 187, 128, 209, 108, 293, 142, 130, 295 saylı məktəblər xüsusi nəzarətə götürülsün. Bizin sadaladağımız faktlar seçkiyə qədər araşdırılmalıdır. Bu gün hansı məktəbdə yoxlama aparılsa, direktorların, onların müavinlərinin kabinetindən qalaq-qalaq şəxsiyyət vəsiqəsi çıxacaq. Millətin iradəsini heçə sayan, dövlətin ən böyük siyasi tədbirini öz maraqları üçün saxtalaşdırmaq istəyən bu şəxslərin hamısı məsuliyyətə cəlb olunmalıdır.

– Seçicilərlə təmaslardan gəldiyiniz qənaət nədir? Seçkidə aktivlik olacağını gözləyirsiniz?

– Vətəndaşlar sözün əsl mənasında sosial problemlərdən boğaza yığılıb. Avropa paytaxtları ilə açıq yarışa girə bilən Bakının mərkəzindən 20 dəqiqəlik məsafədə yerləşən kəndlər ciddi problemlərin məngənəsində qalıb. Bakı kəndlərinin ən ciddi problemi kanalizasiya sisteminin olmamasıdır. Yollar həm də bu səbəbdən çox bərbad vəziyyətdədir. Nəhəng yaşayış massivləri infrastruktur layihələrinin həyata keçirilməsini gözləyir. O kəndlərdə məktəb, poliklinika, nəqliyyat, rabitə, içməli su… yəni yaşayış üçün minimum ehtiyaclar təmin olunmayıb. Dövlət orqanları seçki saxtakarlıqları ilə bağlı seçkidən öncə tədbirlər görərsə, sözsüz ki, vətəndaşların prosesə inamı artacaq. Ancaq onlar konkret namizədlərin qanunları nümayişkar tərzdə tapdaladıqlarını görsələr, aktivlik çox aşağı olacaq. Bu səbəbdən, Mərkəzi Seçki Komissiyası saxtakarlıq faktları ilə bağlı müraciətləri diqqətlə araşdırmalıdır. Çünki bu seçkidə Azərbaycanda sadəcə, Milli Məclisin yeni tərkibi seçilməyəcək, həm də islahat siyasətinin nə qədər dayanıqlı olduğu müəyyənləşəcək.

www.yenicag.az

2538
reyting.az
www.interpress.az
MARGIN-BOTTOM

www.busaat.az
Ziraat Bank New 768×90 / 320×100